Bu gün Aİ ölkələri Qrenlandiya ilə bağlı təcili toplanır

Bu gün Aİ ölkələri Qrenlandiya ilə bağlı təcili toplanır
  18 Yanvar 2026    Oxunub:1595
Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri yanvarın 18-də Qrenlandiya ilə bağlı fövqaladə iclas üçün bir araya gələcək. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Təcili toplantıya səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya hərbi kontingent göndərmiş Avropa ölkələrinə qarşı əlavə gömrük rüsumları tətbiq ediləcəyi ilə bağlı bəyanatı olub.

Agentliyin məlumatına görə, iclas yanvarın 1-dən etibarən Aİ-yə sədrlik edən Kiprin təşəbbüsü ilə çağırılıb. Diplomatların sözlərinə görə, danışıqlar yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Yanvarın əvvəlində ABŞ Qrenlandiya üzərində nəzarət qurmaq niyyətini bəyan etmişdi. Buna cavab olaraq səkkiz Avropa ölkəsi (Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya) adaya onlarla hərbçi göndərib.

Donald Tramp yanvarın 17-də bildirib ki, fevralın 1-dən etibarən bu ölkələrdən idxal olunan mallara əlavə rüsumlar tətbiq olunacaq.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bu qərarın transatlantik münasibətlərə ciddi zərbə vuracağını bəyan edib.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti