Lordlar Palatası uşaqlara sosial media qadağasını dəstəkləyib

Lordlar Palatası uşaqlara sosial media qadağasını dəstəkləyib
  22 Yanvar 2026    Oxunub:1539
Böyük Britaniya Parlamentinin Lordlar Palatası 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya qadağa qoyulmasını dəstəkləyib.
Təklif Mühafizəkarlar Partiyasından olan sabiq təhsil naziri Lord Neş tərəfindən irəli sürülüb. Dəyişikliyə əsasən, qanun qəbul edildikdən sonra 12 ay ərzində hökumət sosial media platformalarının “yüksək effektiv” yaş yoxlama mexanizmlərindən istifadə etməsini təmin etməlidir ki, 16 yaşdan aşağı istifadəçilər qeydiyyatdan keçə bilməsinlər. Lordlar Palatasının qadağanı dəstəkləməsindən sonra hökumətin İcmalar Palatasında bu qərarı ləğv etmək imkanı var. Lakin bu addım siyasi baxımdan çətin ola bilər, çünki Leyboristlər Partiyasından olan bir çox deputat qadağanı dəstəkləyir.

Xatırladaq ki, hökumət bu həftənin əvvəlində 16 yaşdan aşağılar üçün sosial mediaya qadağa, eləcə də sosial mediadan istifadə saatlarına məhdudiyyətlər və “doomscrolling”in qarşısının alınması kimi alternativ tədbirlərlə bağlı məsləhətləşmələrə başlayıb.

“Doomscrolling” sosial mediada davamlı şəkildə mənfi xəbər və paylaşımların izlənilməsi deməkdir. Hökumət əvvəlcə belə tam qadağaya qarşı idi, lakin mümkün səsvermə fonunda mövqeyini yumşaldıb. Buna baxmayaraq, Lord Neş məsləhətləşmələrin prosesi uzatmaqdan başqa bir şey olmadığını deyərək, qadağa üçün sübutların yetərli və inandırıcı olduğunu bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti