Avstriyada böyük casusluq qalmaqalı

Avstriyada böyük casusluq qalmaqalı
  22 Yanvar 2026    Oxunub:1679
Avstriya kəşfiyyatın sabiq zabiti Egisto Ott Rusiyaya casusluq ittihamı ilə yanvarın 23-də Vyanada məhkəmə qarşısına çıxacaq.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “BBC” telekorparasiyasının məlumatına görə, 63 yaşlı Egisto Ott Rusiya kəşfiyyatçılarına və Almaniyannın müflisləşmiş “Wirecard” ödənişlər şirkətinin qaçaq rəhbəri Yan Marsalekə məlumat ötürməkdə ittiham olunur.

Eyni zamanda Avstriya vətəndaşı olan Marsalek Almaniya polisi tərəfindən dələduzluqda şübhəli bilinərək axtarışa verilib. Onun hazırda Moskvada olduğu və 2020-ci ildə Avstriya vasitəsilə qaçdığı güman edilir.

Casus qalmaqalı Avstriyanın Rusiyanın casusluq fəaliyyətinin ocağı kimi qalması ilə bağlı qorxuları yenidən gündəmə gətirib.

“Egisto Ott Avstriya kəşfiyyatçısı kimi yer, nəqliyyat vasitələrinin qeydiyyat nömrələri və ya hərəkətləri kimi böyük miqdarda şəxsi məlumatları toplayaraq səlahiyyətlərindən sui-istifadə edib”, - Vyana prokurorlarının bəyanatında deyilir.

Onların iddiasına görə, Ott 2015-2020-ci illərdə icazəsiz, çox vaxt milli və beynəlxalq polis məlumat bazalarından istifadə etməklə bu əməlləri törədib.

Qeyd edək ki, bu proses son illərdə Avstriyada casusluq üzrə ən böyük mühakimə hadisəsi kimi səciyyələndirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avstriya   casusluq   qalmaqal  



Xəbər lenti