KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib
  24 Yanvar 2026    Oxunub:1696
2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər.
AzVision.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına istinadən xəbər verir ki, bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minə yaxını dövlət qurumları (“G2B”), 47 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim olunub.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər, gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% olub.

Xatırladaq ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

AzVision.az


Teqlər: KOBİA   sahibkarlar   xidmət  



Xəbər lenti