Rəqəmsal savaş: Avropa öz sosial şəbəkəsini yaradıb

      Rəqəmsal savaş:    Avropa öz sosial şəbəkəsini yaradıb
  26 Yanvar 2026    Oxunub:1725
Avropada “X” sosial şəbəkəsinə və Amerika şirkətləri tərəfindən idarə olunan digər xidmətlərə alternativ sayılan yeni “W” sosial platforması istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, “W” layihəsi ilk növbədə Avropa auditoriyası üçündür.

Şəbəkə hakimiyyət orqanları və vətəndaş cəmiyyəti təşkilatları arasında “sistemli dezinformasiya” nın yayılması və rəqəmsal platformalar üzərində nəzarətin itirilməsi ilə bağlı artan narahatlıqlara cavab olaraq yaradılıb.

“eBay” şəbəkəsinin keçmiş icraçı direktoru, əvvəllər məxfilik üzrə baş məsul şəxs vəzifəsində çalışmış Anna Tsayter “W” platformasının rəhbəri təyin edilib. Tərtibatçıların dediyinə görə, platforma Amerikanın sosial mediasından uzaqlaşmaq, Avropa İttifaqı (Aİ) ərazisində idarə olunan və yerləşdirilən xidmətdən yararlanmaq istəyən istifadəçilərə hesablanıb.

Məlumatda bildirilir ki, “W” adı “values” (dəyərlər) və “verified” (təsdiqlənmiş) sözlərinin baş hərflərinin birləşməsidir.

“Avropada yaradılan, idarə olunan və yerləşdirilən sosial platformaya kəskin ehtiyac var. “W” sosial şəbəkəsinin əsas prinsipləri istifadəçinin yoxlanılmasını, söz azadlığını və məlumatların qorunmasını nəzərdə tutur”, - platformanın rəhbəri Anna Tsayter vurğulayıb.

“W” hazırda “wsocial.eu” saytında beta versiyada mövcuddur. Qeydiyyat üçün xüsusi kod tələb olunur və mobil proqramlar hələ mövcud deyil. Tam işə salındıqdan sonra istifadəçilər məzmunu dərc etmək üçün öz şəxsiyyətlərini təsdiqləməli olacaqlar. Bütün sosial şəbəkə məlumatları Aİ ərazisindəki serverlərdə saxlanılacaq.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Avropa   rəqəmsal  



Xəbər lenti