Pediatrik onkoloji xidmətlər Xidmətlər Zərfinə salınacaq

Pediatrik onkoloji xidmətlər Xidmətlər Zərfinə salınacaq
  27 Yanvar 2026    Oxunub:1211
Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Agentlik səhiyyə xidmətlərinin əhatəliliyini genişləndirmək, xüsusilə həssas əhali qruplarının tibbi təminatını gücləndirmək istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir:

"Bu çərçivədə, uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması Agentliyin prioritetlərindən biridir".

Zaur Əliyev bildirib ki, keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir:

"Hazırlıq işləri Xidmətlər Zərfinə daxil ediləcək xidmətlərin, əhatə olunacaq yaş qruplarının və diaqnostikadan müalicəyə qədər təmin ediləcək mərhələlərin müəyyənləşdirilməsini əhatə edir. Bu, geniş və kompleks bir prosesdir".

Zaur Əliyevin sözlərinə görə, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılması planlaşdırılır:

"Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək. Nəticədə yaxın illərdə onkologiya sahəsinin geniş şəkildə icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır".

AzVision.az


Teqlər: sığorta  



Xəbər lenti