Reuters: “TikTok Trampın ünvanına tənqidləri bloklayır”

      Reuters:    “TikTok Trampın ünvanına tənqidləri bloklayır”
  27 Yanvar 2026    Oxunub:1120
Kaliforniya ştatının qubernatoru Gevin Nyusom, ofisinin əməkdaşlarının TikTok platformasının ABŞ Prezidenti Donald Trampı tənqid edən məzmunu blokladığını iddiası barədə bir neçə şikayət aldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “X” sosial şəbəkəsindəki paylaşımda Gevin Nyusom TikTok-un hərəkətlərinin qanuniliyi ilə bağlı araşdırmaya başlamaq niyyətini açıqlayaraq, Kaliforniya ştatının Ədliyyə Departamentini məsələni araşdırmağa çağırıb.


TikTok, öz növbəsində, bəzi məzmunların yoxa çıxmasının onun məlumat mərkəzlərindən birində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar olduğunu bildirib.

“Bunun texniki problemdən başqa bir şey olduğunu söyləmək düzgün deyil. Elektrik enerjisinin kəsilməsinin nəticələri istifadəçilər üçün video yükləməsində səhvlərə və ya yavaşlamalara səbəb ola bilər”, - şirkət iddia edib.

Xatırladaq ki, keçən həftə TikTok-un Amerikadakı bölməsinin ABŞ investorlarına təhvil verilməsi ilə bağlı sövdələşmə tamamlanıb. Oracle, “Silver Lake” və “MGX” daxil olmaqla, yeni sahiblər şirkətdə 50% pay alıblar. “Bloomberg” agentliyinin məlumatına əsasən, amerikalı investorlarının iştirakı “TikTok-da məzmunu idarə etməyə və ABŞ-dəki istifadəçilərin məlumatlarını qorumağa imkan verəcək”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: TikTok   Tramp   tənqid  



Xəbər lenti