Yeganə Abbasova: "Donor olmaq istəyənlərin sayı 1200 nəfəri ötüb"

      Yeganə Abbasova:    "Donor olmaq istəyənlərin sayı 1200 nəfəri ötüb"
  31 Yanvar 2026    Oxunub:686
"Azərbaycanda orqan donorluğu və transplantasiya sahəsində mühüm irəliləyişlər əldə olunub".
AzVision.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. “Koordinasiya Mərkəzi yaradılarkən donor kimi qeydiyyatdan keçənlərin sayı cəmi 50 nəfər idi. İlk meyit donordan orqan transplantasiyasından sonra bu rəqəm 1200-ü keçib. Bu, Azərbaycan cəmiyyətinin humanist dəyərlərə sadiqliyinin göstəricisidir”, – deyə Yeganə Abbasova vurğulayıb.

Onun sözlərinə görə, beyin ölümü diaqnozunun qoyulması üzrə protokol hazırlanıb və 2023-cü ildən etibarən Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya və reanimatologiya ixtisasları üzrə tədris proqramına daxil edilib. Bu sahədə həkimlər üçün təlimlər və geniş maarifləndirmə tədbirləri həyata keçirilib.

Yeganə Abbasova qeyd edib ki, maarifləndirmə işlərində Təhsil Nazirliyi, ali təhsil müəssisələri, TƏBİB və kütləvi informasiya vasitələri fəal iştirak edib. 4 avqust 2023-cü ildən transplantasiya əməliyyatlarının icbari tibbi sığorta zərfinə daxil edilməsi isə bu sahədə mühüm dönüş nöqtəsi olub.

Yeganə Abbasova Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində formalaşmış hüquqi baza, görülən işlər və qarşıda duran prioritet istiqamətlər barədə geniş məlumat verib.

Mərkəz sədri qeyd edib ki, son illər bu sahədə mühüm addımlar atılıb, normativ-hüquqi çərçivə təkmilləşdirilib, transplantasiya xidmətlərinin keyfiyyəti yüksəldilib.



AzVision.az


Teqlər:



Xəbər lenti