Xameneinin müşaviri: "ABŞ-İran dialoqunda qarşılıqlı güzəşt lazımdır" | VİDEO

      Xameneinin müşaviri:    "ABŞ-İran dialoqunda qarşılıqlı güzəşt lazımdır" |    VİDEO
  03 Fevral 2026    Oxunub:754
"İran uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 20%-ə endirməyə razılıq verə bilər, amma əlbəttə, Vaşinqton da müəyyən məsələdə güzəştə getməlidir".
Bu sözləri İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani Livanın "Al Mayadeen" telekanalına müsahibəsində dilə gətirib. O bildirib ki, Tehranın nüvə proqramı yalnız dinc xarakter daşıyır: "Uranın 60%-dək zənginləşdirilməsi əvvəla İranın düşmənlərinin planlarına qarşı çıxmaq, ikincisi isə danışıqlara hazırlaşmaq məqsədi daşıyır".

Əli Şəmxani həmçinin Tehran-Vaşinqton dialoqu məsələsinə də toxunub. O vurğulayıb ki, dolayı əlaqələr vasitəsilə qarşılıqlı anlaşma baş tutarsa, birbaşa danışıqlar da mümkündür: "Danışıqlar üçün iki şərt əsasdır: birincisi, dialoq hədə-qorxu mühitində aparılmamalı, ikincisi isə, məntiqsiz və əsassız tələblər irəli sürülməməlidir".

Məlumat üçün bildirək ki, fevralın 6-da İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun İstanbulda görüşü gözlənilir. Onlar Tehranın nüvə proqramı məsələsi ətrafında müzakirələr aparacaqlar.
İran hərbi təlimlərə başlayır

İranda 2025-ci ilin dekabrında başlayan etiraz aksiyaları fonunda ABŞ ilə münasibətlərdə gərginlik daha da şiddətlənib. Prezident Donald Tramp hələ aksiyaların başladığı dövrdə müraciət yayaraq bildirmişdi ki, nümayişçilər qətlə yetirilərlərsə, Vaşinqton İrana zərbə endirəcək. Hazırda hər iki tərəf mümkün toqquşmanın baş vermə ehtimalına hazırlaşır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   gərginlik   nüvə-proqramı   danışıqlar  



Xəbər lenti