Hər il 10 milyona yaxın insan xərçəngdən ölür

Hər il 10 milyona yaxın insan xərçəngdən ölür
  04 Fevral 2026    Oxunub:1312
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.
Bu günün tarixi 2000-ci il fevralın 4-də Xərçəngə Qarşı Paris Xartiyasının imzalandığı gündən başlayır. Xartiyada keyfiyyətli tibbi xidmətə bərabər çıxışın təmin edilməsi, xərçəng tədqiqatları üçün maliyyələşdirmənin artırılması, daha yaxşı başadüşülmə və ən əsası, bu xəstəliklə yaşayan bütün insanların ləyaqətinə hörmət edilməsi zəruriliyi elan olunub. Xartiya beynəlxalq xərçəng təşkilatları tərəfindən qəbul edilib.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Təqvim gününün məqsədi ictimaiyyətin diqqətini həmin qlobal problemə cəlb etmək, insanlara xərçəngin bu gün nə qədər təhlükəli və geniş yayıldığını xatırlatmaq və xərçəngdən ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar bu günü dəstəkləyir.

Xərçəng bədənin istənilən hissəsinə təsir edə bilən 100-dən çox xəstəliyi ifadə edən ümumi bir termindir. Xərçəngin xarakterik xüsusiyyətlərindən biri normal hüdudlarından kənara çıxan anormal hüceyrələrin sürətlə əmələ gəlməsidir. Həmin proses metastaz adlanır. Metastaz xərçəng ölümünün əsas səbəbidir.

Hazırda dünyada təxminən 44 milyon insan xərçəng diaqnozundan sonra sabit remissiyada yaşayır. ÜST-nin məlumatına görə, xərçəng xəstələrinin təxminən 70 faizi şüa terapiyasına ehtiyac duyur. Hər il təxminən 10 milyon insan xərçəngdən dünyasını dəyişir.

Xərçəng xəstəliyi faciədir. Lakin mütəxəssislər xərçəngin səbəblərinin artıq yaxşı başa düşüldüyünü və bunun yeni halların təxminən üçdə birinin qarşısını almağa imkan verdiyini söyləyirlər. Xərçəng erkən mərhələdə aşkar edilərsə, uğurlu müalicə mümkündür. Onkoloqların fikrincə, demək olar ki, bütün erkən mərhələli şişlər müalicə olunur və halların 99 faizi cərrahi yolla müalicə edilə bilər. Bundan əlavə, tütün tüstüsü kimi məlum kanserogenlərə məruz qalmamaqla xərçəng hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

Xərçəngin dünya miqyasında ölümün əsas səbəblərindən biri olduğu heç kimə sirr deyil və tibb mütəxəssisləri xərçəngdən ölüm hallarının artmağa davam edəcəyini proqnozlaşdırırlar. Hər il xərçəng ölümlərinin əksəriyyəti süd vəzi, ağciyər, yoğun və düz bağırsaq, prostat, dəri və mədə xərçənglərindən baş verir. Həmin ölümlərin üçdə biri davranış və qidalanma ilə əlaqəli beş əsas risk faktorundan qaynaqlanır: yüksək bədən kütlə indeksi, meyvə-tərəvəz istehlakının qeyri-kafi olması, fiziki hərəkətsizlik, tütün və alkoqol istifadəsi və hava çirkliliyi.

Yeri gəlmişkən, siqaret çəkmək xərçəng üçün ən əhəmiyyətli risk faktorudur və qlobal xərçəng ölümlərinin 22, ağciyər xərçəngindən ölümlərin isə 71 faizini təşkil edir. HBV/HCV və HPV kimi xərçəngə səbəb olan infeksiyalar aşağı və orta gəlirli ölkələrdə xərçəng ölümlərinin 20 faizinin səbəbidir.

Uşaq onkologiyasında ən çox yayılmış şiş bədxassəli bir şiş olan neyroblastomadır. Hər il təxminən 400 min uşağa xərçəng diaqnozu qoyulur.

Qeyd edək ki, fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur.

2025-2027-ci illər üçün Ümumdünya Xərçənglə Mübarizə Gününün mövzusu olan "Unikallıqla birləşək" insanları mərkəzə qoyur və fərq yaratmağın yeni yollarını araşdırır.


AzVision.az


Teqlər:



Xəbər lenti