Maariv: “İsrail İranın hücumuna hazırlığı yoxlayır”

    Maariv:    “İsrail İranın hücumuna hazırlığı yoxlayır”
  04 Fevral 2026    Oxunub:1369
İsrail ordusu ölkənin sıx məskunlaşdığı ərazilərə İranın iki minə qədər raket buraxa biləcəyi potensial hücumu dəf etmək ssenarisini sınaqdan keçirib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən İsrailin “Maariv” nəşrinin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Daxili Cəbhə Komandanlığı dağıdılmış ərazilərdən sakinlərin təxliyyəsi və zərərçəkənlərə tibbi yardımın göstərilməsini əhatə edən genişmiqyaslı manevrlər həyata keçirib.

Təl-Əvivin cənubunda yerləşən Zikim bölgəsindəki bazada keçirilən təlimlərə yüzlərlə əsgər və komandir heyətləri qatılıb. Manevrlərin əsas məqsədi ölkənin sıx məskunlaşdığı ərazilərə potensial kütləvi raket zərbələrinə cavab tədbirlərinin sınanılması olub.

“Mülki müdafiə bölmələrinin cəlb olunduğu təlim gecə saatlarında keçirilib. Hərbçilər bina və infrastrukturun dağılmasına, eləcə də geniş miqyaslı dağıntılara cavab tədbirlərinin əlaqələndirilməsini məşq edib”, - qəzet yazır.

Daxili Qoşunların Komandanlığının məlumatına görə, bu təlimlər müntəzəm təlim proqramı çərçivəsində planlaşdırılıb və ən əhəmiyyətlilərdən sayılır. Lakin SAXAL hələlik manevrlərlə bağlı heç bir rəsmi açıqlama verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   hücum  



Xəbər lenti