ISW: “Moskva Qərbi aldatmağa çalışır”

      ISW:    “Moskva Qərbi aldatmağa çalışır”
  09 Fevral 2026    Oxunub:1308
Qərbi Ukraynanın müdafiə xəttinin dağıldığına inandırmaq üçün Rusiya Ukraynanın şimalında cəbhənin əvvəllər sakit olan ərazilərində kiçik miqyaslı transsərhəd hücumlarına başlayaraq “idrak müharibəsi” kampaniyası aparır.
AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Öyrənilməsi İnstitutu”nun (ISW) hesabatında belə deyilir.

Analitiklər Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Sumı vilayətinin şimal-qərbində, dövlət sərhədinə yaxın Sidorovka kəndinin guya tutulması ilə bağlı fevralın 8-də verdiyi bəyanatı diqqətə çatdırıblar. Rusiyalı hərbi bloqerlər bunu şimali Sumı vilayətində “bufer zona” yaratmaq planının bir hissəsi kimi təqdim ediblər.

Eyni zamanda, ISW bildirir ki, Rusiya Müdafiə Nazirliyinin qəsəbənin ələ keçirilməsi ilə bağlı iddialarını dəstəkləyəcək əyani sübut yoxdur.

“Sidorovka cəbhənin əvvəllər sakit olan hissəsinin yaxınlığında yerləşir. Burada rus qoşunları yalnız 2025-ci ilin dekabrında kiçikmiqyaslı hücumlara başlayıb. Hərbi bloqerlərin sözlərinə görə, Rusiya komandanlığı Sumı bölgəsinə daha dərindən irəliləmək üçün hücum qrupları yaratmağı planlaşdırır”, – institutun hesabatında bildirilir.

Bundan başqa, Rusiyanın bu əməliyyatlarda xüsusi təyinatlı bölmələrinin, o cümlədən Strateji Raket Qüvvələrinin şəxsi heyətindən piyada kimi istifadə etdiyi vurğulanır.

Hesabatda qeyd olunur ki, 2025-ci il dekabrın sonlarında Moskva müharibəni dayandırmaq yönündə danışıqlar prosesinə təsir göstərmək üçün Sumının şimalında və Xarkov vilayətində transsərhəd hücumlar vasitəsilə “genişmiqyaslı idrak kampaniyasına” başlayıb.

“Bu kampaniya çərçivəsində Qrabovskoye, Komarovka, Belaya Bereza və Popovka da daxil olmaqla yaşayış məntəqələrinin tutulması, həmçinin Xarkovdan şimal-qərbdə Sotnitski Kazaçkaya doğru irəliləyiş haqqında fəal şəkildə məlumatlar yayıldı”, – sənəddə deyilir.

Bununla belə, ISW Rusiyanın şimaldan genişmiqyaslı hücuma hazırlaşdığını göstərən heç bir əlamət aşkar etməyib. İnstitutun fikrincə, bu hücumlar heç bir əməliyyat əhəmiyyətli nəticə verməyib və hərbi xarakterdən daha çox təbliğat xarakteri daşıyır.

İnstitut hesab edir ki, Moskva Rusiyanın qaçılmaz qələbəsi rəvayətini gücləndirmək, Ukrayna və Qərbi güzəştə getməyə məcbur etmək üçün məhdud sərhəd döyüşlərini yeni böyük hücumun başlanğıcı kimi göstərməyə çalışır.

Ekspertlər onu da qeyd edirlər ki, Rusiya komandanlığının potensial çətinliklərə baxmayaraq, potensial yay hücumuna hazırlaşması Moskvanın yaxın gələcəkdə danışıqlar yolu ilə müharibəni dayandırmaq istəmədiyini göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Rusiya   Ukrayna  



Xəbər lenti