AZAL-dan bayramlarda Naxçıvana gedəcək şəxslərə müraciət

AZAL-dan bayramlarda Naxçıvana gedəcək şəxslərə    müraciət
  10 Fevral 2026    Oxunub:1106
"Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir".
AzVision.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.

Mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür.

Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

AzVision.az


Teqlər: AZAL  



Xəbər lenti