FT: "Ukraynada seçkilər gözlənilir"

      FT:    "Ukraynada seçkilər gözlənilir"
  11 Fevral 2026    Oxunub:963
"Ukraynada mayın 15-dək ABŞ-nin tələbi əsasında həm Rusiya ilə sülh müqaviləsi üzrə referendum, həm də prezident seçkiləri keçirilə bilər".
Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, Ukrayna artıq seçkilər üçün hazırlığa başlayıb. Məlumata görə, rəsmi Kiyev ABŞ-nin tələbini yerinə yetirməzsə, onun təhlükəsizlik zəmanətini itirmək riski ilə üzləşəcək:

"Ağ Ev Rusiya-Ukrayna sülh danışıqlarını yazda başa çatdırmağa çalışır. Bu məqsədlə Kiyevə güclü təzyiq göstərir. Belə bir vəziyyətdə Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümündə – 24 fevralda seçkilər və referendum keçiriləcəyini açıqlaya bilər".

Qəzet yazır ki, Kiyev Vaşinqtona müharibənin viran qoyduğu ölkədə seçkilər keçirməyin logistik çətinliklərini diqqətə çatdırıb, amma eyni zamanda, bu vəziyyətə baxmayaraq, son dərəcə ciddi hazırlıq görəcəyini vurğulayıb. Ukrayna əhalisi belə qənaətdədir ki, nəticədə Volodimir Zelenski yenidən prezident seçiləcək.

Xatırladaq ki, Ukraynada axırıncı prezident seçkiləri 2019-cu ildə keçirilib. Növbəti seçkilər 2024-cü ilin martında keçirilməli idi, amma ölkədəki hərbi vəziyyətə görə qeyri-müəyyən müddətədək təxirə salınıb. 2025-ci ilin dekabr ayında Volodimir Zelenski söyləyib ki, ABŞ və Avropa təhlükəsizliyə zəmanət verərsə, 60-90 gün ərzində seçkilər keçirməyə hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   seçkilər  



Xəbər lenti