BMT: “Suriya rəhbərliyinə qarşı 5 sui-qəsd cəhdi olub”
Bu siyahıya daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əl-Şibani daxildir. Prezidentə qarşı sui-qəsd cəhdləri Hələb və Dərada qeydə alınıb.
BMT ekspertlərinin məlumatına əsasən, sui-qəsd cəhdlərinə görə məsuliyyəti “Saraya Ənsar əl-Sünnə” qruplaşması öz üzərinə götürüb. Bununla belə, BMT ekspertləri əmindirlər ki, bu, sadəcə İŞİD üçün “pərdə” rolunu oynayan “çətir” təşkilatıdır.
“Belə proksi-qrupun istifadəsi terrorçulara eyni zamanda əməliyyat imkanlarını artırmaqla özünün “inandırıcı inkarını” qorumağa imkan verir. İŞİD 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranmış “təhlükəsizlik boşluğu və qeyri-müəyyənlik dövründən” maksimum yararlanmağa çalışır”, - BMT-nin analitikləri vurğulayırlar.
Qiyam dalğasında Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam” qruplaşmasının keçmiş lideri Əhməd əl-Şaraa hazırda İŞİD-in “bir nömrəli hədəfi” hesab olunur. Suriyanın yeni hökumətinin 2025-ci ilin noyabrında İŞİD-ə qarşı beynəlxalq koalisiyaya rəsmən qoşulmasından sonra vəziyyət gərginləşib.
BMT-nin iddiasına görə, dövlət rəhbərliyini fiziki cəhətdən aradan qaldırmaq cəhdləri radikal qrupların Suriyada sabitləşmə prosesini və yeni siyasi nizamı pozmaq niyyətindən xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: BMT Suriya sui-qəsdlər







Vaxtında, Aydın, Lazımlı!


