Zelenski: “Pis sazişi imzalamayacağıq”

  Zelenski:  “Pis sazişi imzalamayacağıq”
  13 Fevral 2026    Oxunub:1383
Ukrayna ölkəsi Rusiya ilə müharibədə uduzmur və mən xalqı “pis sülh sazişi” ilə razılaşmağa məcbur etməyəcəyəm.
AzVision.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” nəşrinin jurnalisti Saymon Şusterə müsahibəsində belə deyib.

Jurnalistin sözlərinə görə, Zelenski müharibə zamanı alçaldıcı şərtlər altında sülh sazişini qəbul etməyəcəyini bir neçə dəfə təkrarlayıb.

“Biz müharibəni bitirməyə tələsirik. Amma bu, şərtlərdən asılı olmayaraq saziş bağlamağa tələsmək demək deyil”, – Zelenski bildirib.

Ukrayna Prezidenti onu da diqqətə çatdırıb ki, o, ölkə sakinlərini faydasız bir şeylə razılaşmağa məcbur etməkdənsə, ümumiyyətlə, müqavilə bağlamamağa üstünlük verəcək.

– Ukrayna uduzmur. Dörd il davam edən gərgin döyüşlərdən sonra belə, Ukrayna ləyaqətli və davamlı sülhün təminatı üçün lazım gələrsə, döyüşü davam etdirməyə hazırdır, – Şusterin cəbhədəki vəziyyəti qiymətləndirmək barədə sualına cavab olaraq siyasətçi söyləyib.

Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün fərqli yanaşma seçib: “Düşünürəm ki, Tramp üçün Rusiya və Ukrayna arasında müharibəni dayandırmaqdan daha böyük qələbə yoxdur. Bu, onun mirası üçün əsas prioritetdir”.

Bu baxımdan, müharibəyə son qoymaq 2026-cı ilin noyabrında ABŞ Konqresinə keçiriləcək seçkilərdə də respublikaçılara kömək edə bilər.

- Tramp üçün ən sərfəli vəziyyət müharibəni aralıq seçkilərə qədər bitirməkdir. Bəli, o, daha az ölüm istəyir. Amma daha açıq desək, bu, onun üçün sadəcə bir qələbədir, siyasi qələbədir”, - Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, nə qədər ki, Trampın diqqəti ABŞ seçkilərinə yayınmayıb, Moskva bu vaxtdan müharibəni bitirmək üçün istifadə edə bilər, çünki bu, Amerika lideri üçün “vacib və dəyərli” amildir.

Ukrayna Prezidentinin özü isə əsas tələbində israrlıdır: sülhə doğru ilk addım kimi atəşkəsdən sonra Ukraynanı Rusiyanın gələcək hücumlarından müdafiə edəcəkləri barədə ABŞ və Avropanın zəmanəti olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Rusiya   sülh  



Xəbər lenti