Sadır Japarov: “Mən dostumu xilas etdim”
“Vəziyyət parlamentlə başladı. Bəzi deputatlar həmkarlarından kimin tərəfində olduqlarını soruşmağa başladılar. Bir tərəf generallar idi — deputatlar poqonlarını göstərirdilər, digərləri isə prezidentin tərəfində idi. Sonra “küçə ağsaqqalları” işə qarışdı. Onlar növbədənkənar seçkilər üçün imza toplayır və bunun ali rəhbərlik tərəfindən təsdiqləndiyini iddia edirdilər”, -Qırğızıstan prezidenti bildirib.
Onun sözlərinə görə, sonradan guya Joqoku Keneşin (ölkə parlamenti) növbədənkənar seçkilər təyin edəcəyi barədə şayiələr yayılmağa başlayıb.
- Əgər qətiyyətli addımlar atılmasaydı, vəziyyət xalqın parçalanmasına gətirib çıxara bilərdi - insanlar iki düşərgəyə parçalanmağa başlayacaqdılar. Deputatları və dövlət qulluqçularını generalın adı ilə qorxutduğuna dair məndə sübutlar var”, — Sadır Japarov deyib.
Qırğızıstan lideri həmçinin bildirib ki, Taşiyevə zəng vuraraq, onu vəzifədən uzaqlaşdırmazdan əvvəl vəziyyəti izah edib.
“İnanıram ki, bu çevik qərarla dostumu xilas etdim. Səbəb onun ətrafındakıların generalı yanlış yola yönəltməsidir”, — prezident bildirib.
Xatırladaq ki, Kamçıbek Taşiyev fevralın 10-da baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad olunub. Onun 3 müavini də vəzifəsindən uzaqlaşdırılıb: Kurvanbek Əvəzov, Daniel Rısaliyev və Elizar Smanov.
Jumqalbek Şabdanbekov DMTK sədri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Bundan əvvəl Qırğızıstanın Daxili İşlər Nazirliyi kütləvi iğtişaşların təşkilinə hazırlıqda şübhəli bilinən Bekbolot Talqarbekovu, Kurmanbek Dıykanbayevi, Emil Uzakbayevi, Kursan Asanovu və Aalı Karaşevi saxlayıb.
Onlar “75-lərin məktubu” adlanan sənədi imzalayanlar sırasındadırlar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilər vətəndaşlar qrupu yaratmağa, növbədənkənar prezident seçkiləri ilə bağlı petisiya təşkil etməyə və ictimaiyyət arasında yoxlanılmamış məlumatlar yaymağa cəhd göstəriblər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


