AMEA Ramiz Mehdiyevi üzvlükdən çıxarır

AMEA Ramiz Mehdiyevi üzvlükdən çıxarır
  13 Fevral 2026    Oxunub:717
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən azad edilməsi məsələsində prinsipial və qəti mövqedə olduğunu dəfələrlə bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı APA agentliyinə AMEA-dan təqdim ediblər.

"Bir daha diqqətə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi kimi ağır cinayətlərdə təqsirləndirilən Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi qalması qeyri-mümkündür.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin həqiqi üzvlük statusuna yenidən baxacaq və onun üzvlükdən xaric edilməsi barədə qərar qəbul edəcək. Bu proses barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli Elmlər Akademiyasının kollektivi törədilmiş cinayət əməllərini kəskin şəkildə pisləyir və bu halların bağışlanmaz olduğunu vurğulayır", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə müvafiq qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev barəsindəki vəsatət təmin edilib və onun haqqında d[rd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib, 2019-2022-ci illər ərzində isə AMEA-nın prezidenti olub.

AzVision.az



Teqlər:



Xəbər lenti