Serbiya prezidentinə qarşı sui-qəsd hazırlanırmış

Serbiya prezidentinə qarşı sui-qəsd hazırlanırmış
  24 Fevral 2026    Oxunub:1414
Serbiya polisi ölkə prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Şübhəlilər DİN və Təhlükəsizlik və İnformasiya Agentliyinin Kralyevo şəhərində birgə keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar. Bunlar yerli sakinlər olan 51 yaşlı D.R. və 43 yaşlı M.R.-dür. Onlar 2025-ci ilin dekabrı ilə 2026-cı ilin fevralı arasında Serbiya liderini və ailəsini öldürməklə konstitusiya quruluşunu devirmək və hökuməti dəyişdirmək üçün sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

“Şübhəlilər 48 saat müddətində saxlanılacaq və cinayət şikayəti verildikdən sonra Kralyevodakı Ali Prokurorluğa aparılacaqlar”, - açıqlamada deyilir.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında Serbiya polisi, orta əsrlərdə mövcud olmuş müstəqil Serbiya dövlətinin qurucularından biri Stefan Nemananın abidəsinin açılışı günü mafiyanın Vuçiçə qarşı sui-qəsd planı hazırladığını açıqlamışdı. Polis sui-qəsdin arxasındakı qrupa kriminal avtoritet Velko Belivukun rəhbərlik etdiyi versiyasını irəli sürüb. Onlar Belqradın “Partizan” futbol klubunun “Qrobari” ifrat azarkeşləri adı altında fəaliyyət göstəriblər. Velya Nevolya ləqəbli Belivuk ifratçılarınn liderlərindən biri idi. Həmin vaxt dəstə Serbiyanın hüquq-mühafizə orqamnları tərəfindən dağıdıldı.

2021-ci ilin mart ayında Serbiya DİN Vuçiçin və ailə üzvlərinin telefon danışıqlarının 1500 dəfədən çox qanunsuz dinlənildiyini bildirib. 2022-ci ilin yanvar ayında isə nazirlik Monteneqro vətəndaşı və “Kavaç narkotik klanı”nın liderlərindən biri olan Radoye Zvitserin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin serb liderinə sui-qəsd planları barədə açıəqlama vermişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vuçiç   sui-qəsd   çevriliş  



Xəbər lenti