The Telegraph: “Putinin razılığı lazımdır”

      The Telegraph:    “Putinin razılığı lazımdır”
  25 Fevral 2026    Oxunub:1566
“Könüllülər koalisiyası” ölkələrinin nümayəndələri Ukrayna ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi planlarının Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməsinin tələb olunduğunu etiraf ediblər.
AzVision.az xəbər verir ki, hərbi və diplomatik mənbələrə istinad edən “The Telegraph” nəşri belə məlumat yayıb.

Mənbələrin sözlərinə görə, bu reallıq Böyük Britaniya və Fransanın mümkün atəşkəsi təmin etmək üçün irəli sürdüyü planın Rusiya tərəfindən pozula biləcəyi anlamına gəlir.

Böyük Britaniya və Fransa müharibəyə son qoymaq planının bir hissəsi kimi Ukraynaya qoşun və silah göndərməyi öhdələrinə götürüblər. Aropa İttifaqının (Aİ) bir neçə üzv dövləti, eləcə də Türkiyə, Norveç və İslandiya da daxil olmaqla ən azı 26 ölkə missiyaya kömək etməyə hazır olduqlarını bildiriblər.

Bununla belə, bir neçə hərbi və diplomatik mənbə “The Telegraph” qəzetinə açıqlamalarında “könüllülər koalisiyası”nın getdikcə daha çox üzvünün Ukraynadakı missiyaya töhfələrinin Rusiya prezidentinin icazəsindən asılı olacağını gizli şəkildə etiraf etdiklərini deyiblər.

“Bir neçə ölkənin nümayəndəsindən eşitdim ki, onlar qoşunlarını yalnız Rusiyanın razılığı ilə göndərəcəklər. Əgər Rusiya razı olmadığını bəyan edərsə və bu qoşunları hədəf kimi görərsə, onda fərqli bir iştirak formatı tələb olunacaq. Buna görə də, Rusiyanın razılığı və ya imtinası böyük əhəmiyyət kəsb edir”, - diplomatik mənbələrdən biri söyləyib.

İkinci diplomatik mənbə, Avropa hökumətlərinin Putinə koalisiyanın planlarına veto qoymaq hüquq verdiyi ehtimalını səsləndirib.

- Rusiya bu təhlükəsizlik zəmanətlərinə, xüsusən də qoşunların Ukrayna ərazisində yerləşdirilməsinə razı olmalıdır”, - mənbə vurğulayıb.

Müdafiə sahəsindəki avropalı mənbə, öz növbəsində, Putinin Ukrayna ərazisində NATO qoşunlarının mövcudluğuna uzun müddətdir etiraz etdiyini nəzərə alaraq, orada “könüllülər koalisiyası” qüvvələrinin yerləşdirilməsini “olduqca hipotetik” ehtimal adlandırıb.

Maraqlıdır ki, bu fonda fevralın 24-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanı Kiyevə nüvə silahı göndərməyə hazırlaşmaqda ittiham günahlandırıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu məsələni Vaşinqtonla müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Eyni zamanda, “könüllülər koalisiyası”nın fevralın 24-də dərc olunan birgə bəyanatında Böyük Britaniya, Fransa və Almaniya liderləri “əlavə sanksiyalar da daxil olmaqla, Rusiyaya iqtisadi təzyiqi artıracaqlarına” söz veriblər. Böyük Britaniya müharibənin başlanğıcından bəri Moskvaya qarşı ən böyük sanksiya paketini elan edərək, enerji gəlirlərini və əsas hərbi avadanlıq təchizatçılarını hədəfə götürüb.

Yeri gəlmişkən, ABŞ nəinki Ukraynadakı müharibənin dördüncü ildönümünü qeyd etmək üçün Kiyevə nümayəndə göndərməyib, hətta fevralın 24-də BMT Baş Assambleyasında Ukraynada davamlı sülhün zəruriliyi ilə bağlı qətnamə üzrə səsvermə zamanı bitərəf qalıb.

“Hərbi əməliyyatların dayandırılacağı halda “könüllülər koalisiyası”nın öz qoşunlarını Ukraynaya göndərmək istəyi ilə bağlı yaranan fikir ayrılıqları Kiyevin müharibəyə son qoymaq səylərinə zərbə vurur”, - “The Telegraph” yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   razılıq  



Xəbər lenti