İrəvan Tbilisidən cavab istəyir

İrəvan Tbilisidən cavab istəyir
  26 Fevral 2026    Oxunub:1774
İrəvan Kobidəki terminalda (TIR parkı) Ermənistan yük maşınlarının saxlanılması ilə bağlı Gürcüstan tərəfindən izahat gözləyir.
AzVision.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərə açıqlamasında belə deyib.

Erməni mediası bundan əvvəl müxtəlif Ermənistan ixracatçılarına məxsus, əsasən tikinti materialları ilə yüklənmiş 100-dən çox yük maşınının Gürcüstanda ilişib qaldığını bildirmişdi. Sürücülər sənədlərinin qaydasında olduğunu iddia etsələr də, Gürcüstan tərəfi gecikmənin səbəbini açıqlamayıb.

Gevork Papoyan bu məsələni İrəvanda gürcü həmkarı Mariam Kvrivişvili ilə görüşdə qaldırdığını deyib. Lakin Mariam Kvrivişvili bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını bildirib. Bununla Gürcüstan Maliyyə Nazirliyinə tabeliyindəki maliyyə polisi məşğul olur.

Papoyanın sözlərinə görə, Gürcüstan tərəfi maliyyə polisinin “müəyyən risklər” müəyyənləşdirdiyini iddia edib.

“Həm bizim hökumətin, həm də biznes qurumlarımızın nəyin idxal edilə biləcəyini və nəyin idxal edilə bilməyəcəyini başa düşmələri üçün hansı konkret risklərin müzakirə olunduğuna dair aydınlıq gətirilməsini istədim. Ermənistan tərəfi hələlik təsərrüfat subyektləri tərəfindən törədilən qanun pozuntuları ilə bağlı açıqlama almayıb və buna görə də bəzi Ermənistan yük maşınları Gürcüstanda qalır”, - Papoyan vurğulayıb.

Ermənistanın iqtisadiyyat naziri, eyni zamanda, Gürcüstanın bu addımının hər hansı siyasi mahiyyətd daşıyıb-daşımadığı barədə şərh verməkdən imtina edib.

Ermənistan mediası qeyd edir ki, Gürcüstandan keçən bütün tranzit axınının təxminən 40%-i Ermənistanın yük maşınlarından ibarətdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan   izahat  



Xəbər lenti