"İlham Əliyevin sərt bəyanatı İranın təxribatına qəti cavabdır" - Deputat

"İlham Əliyevin sərt bəyanatı İranın təxribatına qəti cavabdır"    - Deputat
  05 Mart 2026    Oxunub:1800
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru


İran İslam Respublikası ərazisindən həyata keçirilən və Naxçıvanı hədəf alan dron hücumu təkcə sərhəd insidenti deyil – bu, Azərbaycan dövlətinə qarşı açıq terror aktıdır. Mülki infrastrukturu, Naxçıvan Beynəlxalq Hava Limanını, məktəbi və digər obyektləri hədəfə almaq nə hərbi zərurət, nə də siyasi güc nümayişidir. Bu, acizlikdir. Bu, qorxaqlıqdır. Bu, dövlət məsuliyyətindən uzaq, təxribatçı və təhlükəli davranışdır.
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bu məsələ ən sərt şəkildə qiymətləndirildi. Dövlət başçısı açıq bəyan etdi: Azərbaycan ərazisinə qarşı terror aktı törədilib və bunu edənlər məsuliyyətə cəlb olunmalıdır. İran tərəfi izahat verməli, üzr istəməli və bu cinayəti törədənlər cəzalandırılmalıdır.

Bu, ilk hadisə deyil. Azərbaycan xalqı yaxşı xatırlayır ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilmişdi. Silahlı hücum nəticəsində vətəndaşımız həlak olmuş, digəri ağır yaralanmışdı. Hadisə uzun müddət davam etsə də, İran təhlükəsizlik orqanları səfirliyə yaxınlaşmamışdı. O zaman da rəsmi Bakı qəti mövqe sərgiləmiş, səfirlik təxliyə olunmuş, diplomatik əlaqələr dayandırılmışdı. Nəticədə İran tərəfi üzr istəməyə və terrorçunu cəzalandırmağa məcbur olmuşdu.

Bu gün baş verənlər də eyni mahiyyət daşıyır – qorxutmaq, təzyiq göstərmək, Azərbaycana qarşı çirkin kampaniya aparmaq cəhdi. Halbuki Azərbaycan hər zaman qonşuluq prinsipinə sadiq qalıb. Ölkəmizin ərazisindən İran və ya hər hansı digər dövlətə qarşı heç vaxt təhlükə olmayıb və olmayacaq. Əksinə, Azərbaycan çətin məqamlarda belə humanist mövqe nümayiş etdirib. Hətta son hadisələr fonunda İranın müraciəti ilə onların Livanda qalmış diplomatlarının təxliyəsinə yardım göstərilməsi barədə göstəriş verilib. Bu, Azərbaycanın siyasi mədəniyyətidir.
Bunun müqabilində Naxçıvana zərbə endirmək hansı əxlaqa, hansı qonşuluq prinsipinə sığır? Bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı, mülki əhalinin qorunması – bütün bu prinsiplər tapdalanıb. Mülki infrastruktura hücum terror aktıdır və başqa cür qiymətləndirilə bilməz.

İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil hüququndan məhrum edilməsi, milli-mədəni hüquqlarının illərdir tapdanması, fəalların təqib və təzyiqlərə məruz qalması həmin rejimin azərbaycanlılara münasibətini açıq göstərir. Azərbaycanı ləkələmək, gözdən salmaq cəhdləri də məhz bu qorxunun nəticəsidir – çünki müstəqil Azərbaycan dövləti bir çox soydaşlarımız üçün ümid yeridir.

Azərbaycan sülh tərəfdarıdır, lakin zəif deyil. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycanın gücünü sınamaq istəyənlər artıq “Dəmir yumruq”un nə olduğunu görüblər. Silahlı Qüvvələr, Dövlət Sərhəd Xidməti və bütün xüsusi təyinatlı bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib. Diplomatik addımlar atılır, etiraz notası təqdim edilir, lazımi tədbirlər planı hazırlanır.

Naxçıvana atılan dron təkcə bir obyektə yox, dövlətimizin suverenliyinə yönəlmişdi. Bu isə qırmızı xətdir. Azərbaycan öz suverenliyini qorumaq hüququnu özündə saxlayır və bu terror aktı cavabsız qalmayacaq.

Azərbaycan xalqı əmin olmalıdır: istənilən bəd qüvvə qarşısında dövlətimizin iradəsi sarsılmazdır. Azərbaycanın “Dəmir yumruğu” hazırdır və suverenliyimizə uzanan hər əl bunun nəticəsini görəcək.


Teqlər: Prezident   İran   Naxçıvan  



Xəbər lenti