Ağsaqqallar Şurası İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yayıb

 Ağsaqqallar Şurası İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yayıb
  06 Mart 2026    Oxunub:1746
Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə – xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanına, orta təhsil məktəbinə və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurub.
Bu barədə Azərbaycan Ağsaqqallar Şurasının İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə edilmiş hücumlarla bağlı bəyanatdında bildirilir.

"Bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır.

Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir. Mülki obyektlərin – beynəlxalq hava limanının, təhsil müəssisələrinin və digər mülki infrastrukturun hədəfə alınması terror xarakterli əməl olmaqla, dövlətimizə, eləcə də insanlıq və beynəlxalq hüquq prinsiplərinə qarşı bağışlanmaz cinayətdir. Təəssüf hissi ilə qeyd edirik ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk düşmənçilik addımı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində səfirliyin işçisi həlak olmuş, digər əməkdaş isə ağır yaralanıb. Bu kimi hadisələr regionda sülhə, qarşılıqlı etimada və dövlətlərarası münasibətlərin sağlam məcrada inkişafına sarsıdıcı zərbə vurur.

Azərbaycan Ağsaqqallar Şurası bəyan edir ki, Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə mehriban münasibətlər qurmaq, qarşılıqlı hörmət və etimad mühitində əməkdaşlıq etmək prinsipinə sadiq qalıb. Dövlətimizin həyata keçirdiyi siyasət regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət etmişdir. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməmiş və bundan sonra da verməyəcək.
AzVision.az



Teqlər:



Xəbər lenti