Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


