Görkəmli baletmeyster, Xalq artisti Maqsud Məmmədov vəfat edib
Qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərən Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə də çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğinə böyük töhfələr verib.
Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Maqsud Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


