Park ərazisində fəaliyyət göstərən müasir müəssisələrdən biri də avtomatika və telemexanika fabrikidir. Fabrikin yığım sahəsi üzrə rəhbəri Sübhan Quliyev müəssisənin fəaliyyətinin birbaşa yerli infrastrukturun modernləşdirilməsinə xidmət etdiyini vurğulayıb: “Bizim sahənin əsas hədəfi ölkənin dəmir yolu şəbəkəsinin ən müasir avadanlıqlarla təchiz olunmasıdır. Məqsədimiz mobilliyin artırılmasını və hərəkətin təhlükəsizliyini rəqəmsal sistemlərlə dəstəkləməkdir. İstehsal etdiyimiz texnoloji avadanlıqlar hazırda daxili layihələrdə uğurla tətbiq olunur, növbəti mərhələdə isə xarici bazarlara çıxış strategiyası nəzərdə tutulub.”
Müəssisədə çalışan mühəndis Nicat Əhmədov isə zavodun regional iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Müəssisəmiz dəmir yolu avadanlıqlarının istehsalı sahəsində regionda və ölkədə ilk layihələrdən biri hesab olunur. İki ilə yaxındır fəaliyyət göstərən zavodumuzda 30-dan çox işçi çalışır ki, onların da böyük əksəriyyəti Ağdam sakinləridir. Vaxtilə məcburi köçkün həyatı yaşamış insanların bu gün doğma yurda qayıdaraq burada həm daimi mənzillə, həm də yüksək texnoloji işlə təmin olunması qürurvericidir”.







Vaxtında, Aydın, Lazımlı!


