E.Hidayətli vurğulayıb ki, Azərbaycan artıq piylənmə ilə bağlı qlobal tendensiyaların təsirini hiss edir. Fiziki aktivliyin azalması, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress və yuxu pozğunluqları kimi amillər ölkədə artıq çəki və piylənmə hallarının artmasına səbəb olur.
Onun sözlərinə görə, hazırda Azərbaycanın yetkin əhalisinin yarıdan çoxu artıq çəki və ya piylənmədən əziyyət çəkir: “Piylənmə yalnız iradə məsələsi deyil. Ömür boyu davam edən və təkrarlanmağa meyilli xroniki xəstəlikdir. Buna görə də müalicə qısamüddətli nəticələrə deyil, uzunmüddətli və davamlı çəki nəzarətinə yönəlməlidir”.
Emil Hidayətli əlavə edib ki, beynəlxalq elmi tövsiyələrə uyğun olaraq piylənmənin müalicəsində kompleks yanaşma tətbiq olunmalı, pasiyentlərə uzunmüddətli tibbi müşahidə və dəstək göstərilməlidir.

Doktor bildirib ki, təşkilat həm Avropa Piylənmə Araşdırmaları Assosiasiyasının, həm də Dünya Piylənmə Assosiasiyasının Azərbaycandakı rəsmi nümayəndəsidir. Onun sözlərinə görə, piylənmə son 50 ildə qlobal miqyasda kəskin artıb və bu problem artıq yalnız artıq çəki məsələsi kimi deyil, ciddi xroniki xəstəlik kimi qiymətləndirilməlidir.
“Piylənmə 200-dən çox xəstəliklə əlaqəlidir. Bunlara 2-ci tip diabet, ürək-damar xəstəlikləri, endokrin pozğunluqlar, sümük-oynaq sistemi xəstəlikləri, sonsuzluq, yuxu apnoesi, mental sağlamlıq problemləri, nevroloji xəstəliklər və onkoloji xəstəliklərin müxtəlif növləri daxildir. Piy toxumasını və bədən çəkisini nə qədər effektiv idarə edə bilsək, bu ağırlaşmaların qarşısını almaq imkanımız da bir o qədər artar”, – deyə o qeyd edib.
Həkim vurğulayıb ki, piylənmə dünyada səhiyyə sistemləri üçün ən böyük maliyyə yüklərindən birinə çevrilib. Azərbaycanda da qlobal tendensiyalar müşahidə olunur. Fiziki aktivliyin azalması, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress, yuxu pozğunluğu və şəhər mühitinin təsiri piylənmənin artmasına səbəb olan əsas amillərdəndir.
Onun sözlərinə görə, Azərbaycanda yetkin əhalinin yarıdan çoxu artıq çəki və piylənmə problemi ilə üzləşir: “Piylənmə təkcə kilo problemi deyil. Bu, insanın iradəsi ilə bağlı məsələ kimi təqdim edilməməlidir. Artıq tibbi yanaşma dəyişir və piylənmə xroniki, təkrarlana bilən və proqressivləşən xəstəlik kimi qəbul olunur. Buna görə də müalicə yalnız qısa müddətli çəki azalmasına deyil, uzunmüddətli və davamlı nəticəyə yönəlməlidir”.
Ekspert bildirib ki, əvvəlki illərdə yalnız az yemək və çox hərəkət etmək prinsipi ilə aparılan yanaşmalar hər zaman davamlı nəticə verməyib. Qısa müddətdə çəki itirilməsi, daha sonra isə kiloların geri qayıtması — “yo-yo effekti” — piylənmə ilə yaşayan insanların müalicədən uzaqlaşmasına səbəb ola bilir. Müasir dövrdə piylənmənin müalicəsində beynəlxalq standartlara əsaslanan kompleks yanaşma tətbiq edilməlidir. Bu yanaşma həkim nəzarəti, həyat tərzi dəyişiklikləri, düzgün qidalanma, fiziki aktivlik və ehtiyac olduqda tibbi müalicə vasitələrini əhatə etməlidir. “Piylənmə residivləşən və proqressivləşən xəstəlikdir. Buna görə də müalicə strategiyası elə qurulmalıdır ki, çəkinin geri qayıtması pasiyentin ruhdan düşməsinə və müalicədən yayınmasına səbəb olmasın”,- həkim bildirib.
Tədbirdə “Novo Nordisk” şirkətinin piylənmənin müalicəsi üçün nəzərdə tutulmuş GLP-1 sinfinə aid Wegovy® (semaglutide 2.4 mg) preparatının Azərbaycanda istifadəyə verilməsi elan edilib. Bu preparat iştahanı azaltmaq, toxluq hissini artırmaq və nəticədə davamlı çəki nəzarətinin təmin olunmasına kömək edir. Semaglutid insan orqanizmində təbii şəkildə mövcud olan GLP-1 hormonunun təsirini təqlid edən preparatdır və məhz bu mexanizm vasitəsilə çəkinin idarə olunmasına kömək edir.
Klinik tədqiqatların nəticələrinə əsasən, semaglutid istifadə edən hər üç xəstədən birində bədən çəkisinin 20 faizdən çox, əhəmiyyətli hissəsində isə 15 faizdən artıq azalması müşahidə olunub. Bundan əlavə, tədqiqatlar preparatın ürək-damar sağlamlığı baxımından da mühüm faydalar verdiyini göstərib. Xüsusilə, artıq çəkili və ürək-damar xəstəliyi olan insanlarda ciddi ürək-damar hadisələri riskinin təxminən 20 faiz azalması qeydə alınıb. Preparat həftədə bir dəfə tətbiq olunur və 12 yaşdan yuxarı yeniyetmələr, eləcə də böyüklər üçün nəzərdə tutulub.







Vaxtında, Aydın, Lazımlı!


