Rusiya Çini qınamağa başlayır │ Şərh

   Rusiya Çini qınamağa başlayır    │ Şərh
  17 İyun 2026    Oxunub:203
Rusiya siyasi və ekspert dairələrində Çinin siyasəti ilə bağlı fikir ayrılığı əmələ gəlib. Hakim partiyanın üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulinin fikrincə, Çin Rusiyaya kifayət qədər dəstək vermir. Zatulin Pekinin passivliyinə misal olaraq Avropa İttifaqı – Ukrayna münasibətlərini göstərib: “Avropa İttifaqı müharibədə Ukraynaya böyük dəstək verir. Rusiyanın strateji tərəfdaşı sayılan Çin isə Moskvaya kifayət qədər dəstək vermir”.
Zatulinin fikrincə, Çin ancaq öz maraqlarını güdür və Rusiya ilə tərəfdaşlıqdan qazanc əldə etməyə çalışır. Zatulin buna misal olaraq Çinin fürsətdən istifadə edərək Rusiyadan aldığı neftin və qazın qiymətini endirdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu Zatulinin haqlı olduğunu bildirib. Onun sözlərinə görə, həqiqətən də Pekin Rusiyaya Kremlin arzuladığı səviyyədə dəstək vermir. Ancaq belə bir borcu da yoxdur. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə Çin lideri Si Cinpinlə məsləhətləşməmişdi. Belə olan halda Si Cinpin Vladimir Putinin avantürasına birmənalı dəstəkdən çəkinməliydi. Buna baxmayaraq, Zatulinin də etiraf etdiyi kimi, Çin Rusiyaya hərbi texnikanın istehsalı üçün zəruri avadanlıqlar verib. Hətta müasir dronlar da satıb. Ancaq Zatulin Çinin Rusiyanın düşməni Ukraynaya da dron satdığını iddia edib. Halbuki, Çinin Ukraynaya dron satdığına dair fakt yoxdur.

“Pekin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrində öz maraqlarından çıxış edib. Pekin eyni zamanda Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki, hər ikisinin məğlubiyyəti Çinin qlobal və regional gücünü zəiflədə bilər. Odur ki, Pekin Moskva və Tehrana onların istədiyi şəkildə dəstəyi verməsə də, Rusiya və İranın ayaqda qalmaları üçün hər şeyi edib”,- Elxan Şahinoğlu vurğulayıb.



Teqlər: Rusiya   Çin  



Xəbər lenti