Zəlzələ Yaponiyanı “sürüşdürüb”
// Yerin dərin qatlarında bilmədiyimiz mexanizmlər işləyir
“Biz müəyyən etdik ki, 2011-ci ilin martında Honsyu adası sahillərində baş vermiş çox güclü zəlzələdən sonra faktiki olaraq bütün Yaponiya qeyri-adi şəkildə yerini dəyişib”, - məqalədə qeyd edilir.
ABŞ-ın Çikaqo Universitetinin dosenti Pak Sonyenin rəhbərlik etdiyi alimlər qrupu bu hadisəni zəlzələ zamanı Yaponiya ərazisində fəaliyyət göstərən minlərlə seysmik stansiyanın və çoxsaylı yüksək dəqiqlikli GPS sensorlarının topladığı məlumatları araşdırarkən aşkar edib. Daha əvvəl seysmoloqlar təkanların belə nəticələri ilə qarşılaşmamışdılar.
Bir neçə tektonik plitənin eyni vaxtda hərəkətə gəlməsi əsas təkanın baş verməsindən təxminən 13 dəqiqə sonra qeydə alınıb. Həmin vaxt seysmik stansiyalar qərbdən şərqə doğru hərəkət edən qeyri-adi sürüşmə dalğasını müşahidə ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, bu tərəddüdlər zəlzələnin ilk təkanının yaratdığı seysmik dalğaların bir neçə dəqiqə ərzində Yer nüvəsinə çataraq oradan əks olunması və yenidən səthə qayıtması nəticəsində yaranıb. Nəticədə Sakit okean, Oxot, Avrasiya və digər litosfer plitələri arasındakı sərhədlər aktivləşib və bu da plitələrin qəfil yer dəyişməsinə səbəb olub.
Alimlər vurğulayıblar ki, “superzəlzələlərin” belə bir mexanizmlə başlaya bilmə ssenarisi indiyədək seysmik təhlükə proqnozları hazırlanarkən nəzərə alınmayıb.
Teqlər: Geologiya Zəlzələ Yaponiya







Vaxtında, Aydın, Lazımlı!


