Dörddən biri: Dünya çempionatında yarımfinal başlayır │ TƏHLİL

     Dörddən biri:    Dünya çempionatında yarımfinal başlayır    │ TƏHLİL
  14 İyul 2026    Oxunub:717
Futbol üzrə dünya çempionatında həlledici qarşılaşmalar başlayır. Yarımfinal mərhələsində iyulun 14-də Fransa və İspaniya, iyulun 15-də isə İngiltərə və Argentina yığmaları üz-üzə gələcək.
Avropanın sonuncu çempionu İspaniya hələ turnirdən əvvəl DÇ-2026-nın favoriti hesab olunurdu. Bukmekerlər onun çempionluğuna 5,5 əmsal təyin etmişdilər (yəni mərcə qoyulan hər avronun müqabilində 5,5 avro qazanmaq mümkün idi). Yarımfinal ərəfəsində bu əmsal 4,4-ə qədər düşüb. Bu isə o deməkdir ki, İspaniya millisinin zəfər qazanmaq ehtimalı indi daha yüksək qiymətləndirilir.

Bununla belə, ispanlar bukmekerlərin proqnozlarında əsas favorit statusunu 1/2 finaldakı rəqiblərinə – Fransa seçməsinə güzəştə gediblər. Ehtimallara görə, bunun əsas səbəblərindən biri komandanın liderlərinin, xüsusən də "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Lamin Yamalın turnirdə o qədər də parlaq çıxış etməməsidir. İki il əvvəl Avro-2024-də çoxlu məhsuldar ötürmələr edən və turnirin ən yaxşı gənc oyunçusu seçilən futbolçu builki dünya çempionatında hələlik aktivinə cəmi bir xal yazdıra bilib. O da Səudiyyə Ərəbistanının qapısına vurulan qoldur.

DÇ-2026-nın pley-off mərhələlərində İspaniya millisi Avstriyanı 3:0 hesabı ilə darmadağın etdikdən sonra iki çətin qələbə qazanıb. Portuqaliya (1:0) və Belçika (2:1) üzərindəki qələbələr qarşılaşmaların son dəqiqələrində Mikel Merinonun vurduğu qollar sayəsində əldə olunub. Londonun "Arsenal" klubunun hücumameyilli oyunçusu öz millisi üçün əsl "joker"ə çevrilib. Lakin bunun çempionluq üçün kifayət edib-etməyəcəyi sual doğurur.

Fransa isə turnirin gedişində çempionuq titulunun əsas namizədinə çevrilib. Yarımfnala doğru bukmekerlər "üçrənglilər"in çempionluğuna olan əmsalı iki dəfədən çox aşağı salaraq 6,0-dan 2,5-ə endiriblər. Səbəb komandanın dünya çempionatında nümayiş etdirdiyi əmin irəliləyişlə bağlıdır. Fransa millisi biri istisna olmaqla, bütün rəqiblərini iki və ya üç top fərqi ilə məğlub edib. Onlara ən ciddi müqaviməti 0:1 hesabı ilə uduzan Paraqvay göstərib. Pley-off mərhələsində isə fransızlar öz qapılarından bir dənə də olsun qol buraxmadan ardıcıl üç qələbə qazanıblar və top fərqini 6-0-a çatdırıblar.

Milli komandanın əsas ulduzları möhtəşəm oyun nümayiş etdirirlər: komandanın kapitanı, Madrid "Real"ının hücumçusu Kilian Mbappe vurduğu səkkiz qolla bombardirlərin siyahısına başçılıq edir. Münxen "Bavariya"sının fransalı yarımmüdafiəçisi Maykl Olise isə beş məhsuldar ötürmə ilə hazırda dünya çempionatının ən yaxşı assistentidir. Ötən il dünyada ilin ən yaxşı futbolçusu seçilmiş PSJ-nin oyunçusu Usman Dembele də yüksək səviyyəli performans göstərir – o, artıq aktivinə beş qol və iki assist yazdırıb.

Avro-2024-ün finalçısı İngiltərə də dünya çempionatı başlamazdan əvvəl yüksək qiymətləndirilirdi – 7,0 əmsalla üçüncü sırada qərarlaşmışdı. Yarımfinal öncəsi də mövqe dəyişməyib: onlar 4,5 əmsalla yenə üçüncü favoritdirlər. Lakin pley-off mərhələsi ingilislər üçün kifayət qədər çətin keçir. Almaniyalı mütəxəssis Tomas Tuxelin (Thomas Tuchel) rəhbərlik etdiyi komanda Konqo Demokratik Respublikası və Norveçə qarşı oyunlarda (hər iki oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb) geridə olduğu halda əzmkar geri dönüş ("kamfbek") edib. Meksika ilə qarşılaşmada isə "Bayer"in müdafiəçisi Carel Kuansanın qırmızı vərəqə almasından sonra komanda azlıqda qalaraq 3:2 hesablı üstünlüyünü qoruyub saxlaya bilib.

İngiltərəni uğura doğru iki lider aparır – "Bavariya"nın hücumçusu və yığmanın kapitanı Harri Keyn, həmçinin Madrid "Real"ının yarımmüdafiəçisi Cüd Bellingem. Hər iki futbolçunun aktivində altı qol və bir məhsuldar ötürmə var. İngilislərin bu dünya çempionatında vurduğu qollardan yalnız biri onların iştirakı olmadan reallaşıb – Markus Reşfordun ilk turda Xorvatiyanın qapısından keçirdiyi top. Maraqlıdır ki, Keyn DÇ-2026-dan əvvəl İngiltərənin əsas ümidi hesab olunurdusa, son matçlarda Meksika və Norveçə dubl edən Bellingemin rolu getdikcə artır. Tuxel komandasının aralıq nəticəsinə tənqidi yanaşır: "Yarımfinala yüksəlmişik – bu, möhtəşəmdir. Lakin mən oyunumuzdan razı deyiləm. Heç bir mənada".

Son dünya çempionları isə turnir başlamazdan əvvəl əsas favoritlər sırasında deyildilər. Bukmekerlər çempionatdan əvvəl onların şanslarını 10 əmsalla qiymətləndirirdilər ki, bu da altıncı göstərici idi. Hazırda əmsal iki dəfə azalaraq 5,0-ə düşsə də, argentinalılara inam digər yarımfinal iştirakçıları ilə müqayisədə hələ də daha azdır.

Argentina stabil olaraq çox qol vurur – bu dünya çempionatında Avstriya ilə oyun (2:0) istisna olmaqla, hər matçda rəqib qapılarına üç qol vurmağı bacarıb. Lakin pley-off mərhələsində status baxımından rəqiblərindən aşkar üstün olmasına baxmayaraq, çətinliklə irəliləyir. Kabo-Verde (3:2) və İsveçrə (3:1) üzərindəki qələbələr yalnız əlavə vaxtda (ekstra-taymlarda) qazanılıb, Misirlə oyunda (3:2) isə həlledici qol ikinci hissəyə əlavə olunmuş vaxtda vurulub.

Bununla belə, Argentinanın heyətində yaşına baxmayaraq, onun əsas ulduzu Lionel Messi parlamağa davam edir. "İnter Mayami"nin 39 yaşlı yarımmüdafiəçisi artıq səkkiz qol vuraraq turnirin bombardirlər yarışında Mbappe ilə rəqabət aparır. Dünya çempionatları tarixində isə Messi almaniyalı Miroslav Klozenin (Miroslav Klose) rekordunu təzələyərək ümumi qol sayında birmənalı şəkildə liderliyə yüksəlib. Hazırda argentinalının aktivində dünya çempionatlarında vurulmuş 21 qol var ki, bu da Klozenin göstəricisindən beş qol çoxdur. Onu ən yaxından təqib edən isə 20 qolla Mbappedir.

Futbol yaddaşı

Fransa və İspaniya son illərdə yarımfinal mərhələlərində tez-tez qarşılaşırlar. Son iki görüş isə ispanların xeyrinə başa çatıb. UEFA Millətlər Liqasının 2025-ci ildəki 1/2 finalında İspaniya 5:4 hesabı ilə qalib gəlib, ondan əvvəl isə Avro-2024-ün yarımfinalında fransızları 2:1 hesabı ilə məğlub edib. DÇ-2026-da əsas çempionluq namizədi statusunu doğrultmaq üçün Fransa ilk növbədə İspaniya ilə qarşıdurmadakı bu mənfi tendensiyanı sındırmalıdır.

Argentina və İngiltərə cütlüyü isə daha çox zəngin qarşılaşma tarixi ilə intriqa doğurur. Bu tarixdə bir neçə rəmzi və dramatik matç yer alıb. Məsələn, 1966-cı ildə İngiltərə doğma divarlar arasında keçirilən dünya çempionatının 1/4 finalında Argentinanı məğlub edib (1:0) və həmin turnir ingilislərin indiyədək yeganə dünya çempionluğu ilə başa çatıb. İyirmi il sonra, DÇ-1986-nın eyni mərhələsində argentinalılar ingilisləri 2:1 hesabı ilə üstələyərək qisas alıb və sonda Dünya Kubokunu qazanıblar. Məhz həmin oyunda dünya futbolunun əfsanəsi Dieqo Maradona qaydanı pozaraq topu qapıdan əllə keçirib və hakim bunu görməyib – matçdan sonra isə o, bunun "Tanrının əli" olduğunu bildirib. Bir neçə dəqiqə sonra isə Maradona meydanın mərkəzindən start götürüb bir neçə rəqibini keçərək dünya futbol tarixinin ən ikonik qollarından birini vurub.

Bu komandaların DÇ-1998-in 1/8 finalındakı qarşılaşması isə gərgin mübarizə və ingilislərin ulduzu Devid Bekhemə göstərilən qırmızı vərəqə ilə yadda qalıb; bundan sonra ingilislər penalti seriyasında məğlub olublar. Dörd il sonra, DÇ-2002-nin qrup mərhələsində Bekhem 11 metrlik cərimə zərbəsindən yeganə qolu vuraraq qisasını alıb. Argentina həmin vaxt 0:1 hesabı ilə uduzub və nəticədə qrupda qalaraq turnirlə vidalaşıb, İngiltərə isə növbəti mərhələyə yüksəlib. Maraqlıdır ki, Messi erasında Argentina və İngiltərə rəsmi matçlarda hələ heç vaxt üz-üzə gəlməyib.

Yarımfinala yüksələn hər dörd yığma artıq daha əvvəl dünya çempionu adını qazanıb. Argentina üç dəfə bu titula sahib çıxıb və turnirin son qalibidir, Fransanın aktivində iki, İspaniya və İngiltərənin isə hərəsinin bir kuboku var. Kolleksiyasını daha bir Dünya Kuboku ilə kimin zənginləşdirəcəyini bazar günü, iyulun 19-da öyrənəcəyik. Final matçı ABŞ-də, İst-Raterfordda (Nyu-Cersi ştatı) yerləşən "New York New Jersey" ("MetLife") stadionunda keçiriləcək.

Samir Quliyev
AzVision.az


Teqlər: DÇ2026   Mundial  



Xəbər lenti