`Qurd Cəbrayıl`ın real tarixçəsi – FOTOLAR

`Qurd Cəbrayıl`ın real tarixçəsi – FOTOLAR
  25 Avqust 2014    Oxunub:60582
Əslində, Allahın rizası onu “Əlibaxış oğlu”, xaçpərəslər “Çyornı”, zindan qanunları “Paxan”, yaşadığı həyatsa “Qurd Cəbrayıl” eləmişdi. Bilirdi, qismətdən artıq yemək olmaz, elədiyin hər əməlin cəzası var. Cahil dövründə cinayətkarlığa qurşansa da, ömrünün axırına kimi ədalətli olmağa çalışmışdı. O, Allahına inanan, taleyin qismətinə boyun əyən adamıydı. Amma...

... Tale ona aman verməmişdi. Südəmər vaxtında anasını itirib ögey ana umuduna yaşamışdı. 9 yaşındasa atasız qalır. Balaca Cəbrayıl nənəsi Fatmanisəyə sığınır. Bir gün...

...Babası Sonqulu kişi dövrünün ən məşhur dovğa bişirəni sayılırdı. Onun dovğası əlbəəl gəzirdi. “O olmasın, bu olsun” filmindəki bazar səhnəsində “Kəblə Sonqulunun dovğası” ifadəsi yadınızdadır? O? elə Cəbrayılın babası Kərbəlayi Sonqulu kişinin dovğasıdır. Baba nəvəsini avaraçılıqdan çəkindirsin deyə, öz yanına götürür, ona bişirdiyi dovğaları satmağı tapşırır. Bir günsə bazar əhli Kərbəlayi Sonquluya şikayət eləyirlər:

- Kəbleyi, səndən çıxmayan iş, deyəsən, dovğaya su qatırsan?

Kərbəlayi Sonqulunun ömrü boyu haramla işi olmamışdı. Kişi əlindəki piyaləyə baxır, barmağını dişləyir: “Bu yetim, deyəsən, doğurdan da haramzadalıq eləyir?”

Nəvəsə babanın hirsi yatana kimi onun gözünə görünməsin deyə, bir müddət qohumlarıgildə qalmaq fikrinə düşür. O vaxt qohumları Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi yeni fabrikin yanında yaşayırdı. Ora rahat gedib gəlməkdən ötrü kiçik gəmilərdən istifadə olunurdu. Cəbrayıl babasının qorxusundan özünü tərpənməkdə olan gəmilərdən birinə atır...

...bu bir gün onun həyat işarələrini dəyişir...

Oğlu Xoşqədəm Quliyev:

- Bir gün Yusif Vəliyev dedi, mənə bir rol veriblər- Qurd Cəbrayıl obrazı. Cinayətkar adamdı. Eşitmişəm, sənin atan da həbsdə olub. İstəyirəm, onun hərəkətlərini, danışığını, mimikalarını götürüm. Kinoya çəkiləndə təbii alınsın. Atamı razı salmaq çətin olmadı. 36 il həbsdə olsa da, incəsənəti sevən adamıydı. Yusif Vəiyev bir aya qədər atamın yanında oturub -durdu. Atam hara gedirdi, kimlə görüşürdü, o, da yanındaydı. Amma film ekranlara çıxanda atam artıq rəhmətə getmişdi...

O vaxt Yusif Vəliyevin də, Cəbrayıl Baxşıyevin də filmdəki baş qəhrəmanın əslində, kim olduğundan xəbərləri yoxuydu. Bəlkə də, Elçin Əfəndiyev “Ox kimi bıcaq” povestini yazanda, elə Cəbrayıl Baxşıyevin obrazını qələmə alıb. Yazıçı bu obraz haqqında gerçək faktları DİN-nin arxivlərindən götürüb.

- O kinodakı hadisələr, həqiqətən, atamın hətayında olub. Kinoda bıçağı milis rəisinin arxasınca atır haa, o hadisə Salyanda baş verib. O vaxt belə bir qanun vardı: kim həbsdə çox yatmışdısa, onu Bakıya buraxmırdılar. Ona görə də, bizi Salyana sürgün eləmişdilər. 50-ci illərdə Salyana köçmüşdük, 6 il orda yaşadıq. Atam Salyanda MTS-də gözətçi işləyirdi. Bir gün oranı yoxlamağa gəlirlər. Yoxlama aparırlar, işləyənlərin kim olduğuyla maraqlanırlar. Atamın adı, soyadı müstəntiqə tanış gəlir. Xatırlayır ki, belə bir adam vaxtilə babamı öldürüb. Başlayır atamı araşdırmağa. Sən demə, həmin müstəntiq vaxtilə atamın öldürdüyü milis rəisinin nəvəsidir. Onda atam həmin müstəntiqi vurur. Atamı yenidən tuturlar, biz Bakıya qayıdırıq...

... Gəmi onu qohumlarıgilə yox, yad bir məmləkətə gətirib çıxarmışdı. Demə, çaşıb Həştərxana gedən gəmiyə minibmiş.

- Atam orda ağlayır, özünü öldürür ki, məni Bakıya qaytarın. Amma tale elə gətirir ki, qayıda bilmir. Axırda Ravil adlı bir tatar onu oğulluğa götürür. Sən demə, bu kişi varlı-hallı bir adammış, amma övladı yoxmuş. Düz 17 yaşına qədər Ravil kişiylə arvadı Qaliya atama öz balaları kimi baxıb böyüdürlər. Evin təsərrüfatını, qənd fabriklərinin bütün məhsullarının paylanmasını ona tapşırırlar. Atam da onların inamınını doğrultmaqdan ötrü əlindən gələni eləyir.

17 yaşında bir cinayətin şahidi olur. Fabrikə gedirmiş, yolu qəbirsanlıqdan düşür. Görür, arxadan iki atlı gəlir. Qorxusundan bir köhnə qəbrin arxasında gizlənir. Atlılar ondan 5-10 metr kənarda atdan düşürlər, sonra bir çala qazırlar. İri bir çuvalı həmin çalada basdırırlar. Atlılar gedən kimi atam ora yaxınlaşır, çalanı qazır. Çuvalın içindən boynunun kökünə bıçaq saplanmış qız meyidi çıxır. Atam bıçağı çəkib çıxarır. Elə o anda qan onun üst-başına fışqırır, bir tərəfdən də qız başlayır tərpənməyə. Atam qorxudan huşunu itirir. Bir də xəstəxanada ayılır.

Artıq ömrünün ilk “dopros”ları başlamışdı. Qanun qarşısında cavab verməli, günahsız olduğunu sübuta yetirməliydi. Yaxşı ki qız sağ qalmışdı, bir neçə gün sonra onları xəstəxanada üzləşdirirlər. Qızın gözəlliyi gənc Gəbrayılın ağlını başından alır. Onlar nəzarət altında 15 dəqiqə söhbət eləyirlər. Qız “bu oğlan mənim həyatımı xilas edib, ondan əl çəkin” – deyir.

Günlər keçir, Cəbrayıl qızı –Yasəməni unuda bilmir. Bir gün onunla yenidən görüşür. Sən demə, Yasəmən də Cəbrayıla vurulubmuş. Qız başına gələnləri Cəbrayıla danışır.

- Yasəmən varlı-hallı bir kişinin qızıymış. Onu öldürmək istəyən adamsa bacısının əri, bir də onun qardaşıymış. Qızın atasından qalan mülkə, pula sahib olmaq istəyirmişlər. Yasəmənlə atam arasında sevgi başlayır. Aradan təxminən iki il keçir. Yasəmən öz qisasını alır, onu öldürmək istəyənləri zəhərləyir. Atam bu hadisədən çox qorxur. Amma izin itirilməsində Yasəmənə yardım edir. Görürlər, artıq burda qala bilməyəcəklər, Bakıya qayıtmağa qərar verirlər.

...Həştərxandan cəmi üç stansiya uzaqlaşmışdılar. Cəbrayıl nəsə alsın deyə, perona enir. O dəm ara qarışır, atışma düşür. Oğlan bir ağacın arxasında gizlənir. Bir daha geri –qatara qayıtmır. Yasəmənsə Cəbrayılın öldüyünü düşünür.Həyat onları bir də 3 ildən sonra qarşılaşdırır...

Cəbrayıl gecə yarısı Bakı istiqamətinə gedən başqa bir qatara minir. İki gündən sonra 12 il əvvəl ayrıldığı Bakıya yetişir.

...Həmin dövrdə iki rus balasıyla tanış olur, sən demə, onlar Odessadan gələn oğrularmış. Onlardan biriylə -Kolyayla dostlaşır. Bu dosluq sonradan Cəbrayılla kriminal aləmin məşhur oğrusu - Rəşid oğlu Məhərrəmin tanışlığına da səbəb olur. Beləcə, oğru dünyasının qapıları Cəbrayılın üzünə açılır, tezliklə bacarıqlı oğrulardan birinə çevrilir.

- 1935-36-cı illərdə bizim köhnə məhləmiz indiki Sirkin yerindəydi. Atam artıq hökumətin qara siyahısında olan məşhur oğrulardanıydı. Kömürçü bazarından aşağı düşəndə onu saxlayırlar. O vaxtlar tez-tez “oblava” olurmuş. Atamı da tutub milisə gətirirlər. Atamın boynunda qızıl zəncirlə asılmış “Quran” olur. Milliyətcə rus olan, milis rəisinin müavini atamın üst-başını yoxlayanda soruşur, boynundan asdığın nədir? Atam da cavab verir ki, “Qurandı”. Rus atama bir söz demir. Türk, müsəlman olan rəissə atamla çox ədəbsiz rəftar eləyir, boynundakı “Quran”ı qırıb, ayaqlayır. Atam qəzəblənir, rəislə əlbəyaxa olurlar. Atam ona deyir ki, mən tutulsam da, sonra səni harda görsəm, öldürəcəyəm.

Onun bir günahı olmasa da, dövlət adamına əl qaldırmaq adıyla bir illik damlayırlar. 5-6 ay yatandan sonra atam həbsdən qaçır. Günlərin birində atam qaş qaralan vaxt evə gələndə qabağına həmin milis rəisi çıxır. Rəis də onu tanıyır, çaş-baş qalır, deyir, ayə, Cəbrayıl, bəs biz səni tutmamışdıq?! Atam da qayıdır ki, sizdən tutmaq, məndən də qaçmaq. Nəysə, bir az söhbət eləyirlər, atam görür, rəis onunla danışa-danışa xəlvətcə əlini tapançasına aparır. Rəis əlini tərpəndincə, atam onu düz alnından vurur. Yadınızdadırsa, filmdə Cəbrayılı sərrast bıçaq atan kimi çəkiblər, atam həm də, sərrast güllə atıcısıydı. Onun gülləsindən bir quş da yayına bilməzmiş.

- Bu dəfə də qaçır?

- Həə, cinayətin izini itirib,qaçır. Milislər rəisi kimin öldürdüyünü tapa bilmirlər. Axırda milis rəisinin müvininin, həmin rusun ağlına gəlir ki, bunu öldürsə, Qurd Cəbrayıl öldürəcək. Atamı yenə tuturlar. Rəisin adamları istəyirlər, atamı öldürsünlər. Pulla adam tuturlar ki, məhkəmədən çıxanda gülləylə vursunlar. Plan baş tutmur. Rəisin qohumları indi də məhkəmədən sonra atamı hansı həbsxanaya göndərəcəklərsə, ora öz adamlarını yollayırlar. Həmin adam da atamın üzünü görməyibmiş. Elə həbsxanaya təzə adam gələn kimi hamıdan soruşurmuş ki, Cəbrayıl kimdi? Bir gün əl-üzünü yuyanda atama iki adam hücum eləyir, atamı bıçaqlayırlar. O da cəld tərpənir, gizlətdiyi bıçaqla onu yaralayan iki nəfəri vurur. Biri ölür, o biri yaralanır. Buna görə atamın işinin üstünə iş gəlmirlər, özünü müdafiə eləyib deyə...

- Atanız “Arxadan vurulan zərbə” filmə baxsaydı, Cəbrayıl obrazını bəyənərdi?

- Yox. Filmdəki Cəbrayıl amansızdır. Amma atam ədalətli, mərd adam olub. Elə ona görə də, həm oğruların, həm də camaatın arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmirdi, kasıblara paylayırdı. Ən məşhur zamanlarında belə, malını-pulunu apardığı adamlarla kişilik şərtləri altında görüşməkdən çəkinmirdi. Həmin adamların çoxu Cəbrayılı ələ vermirdilər.

- Amma 36 il həbsdə yatmalı olub...

- Həə, Əslində, 70 ildən çox həbs cəzası alıb, amma 36 ilini yatıb. 4 dəfə həbsxanadan, bir dəfə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilib, sonradan cəza ləğv olunub. Bankı yarıb , şəhər lambardını oğurlayıb. Böyük öğruluqlar eləyib. Atam ən çox ermənilərin, yəhudilərin mağazalarını oğurlayırmış. Ermənilərin qənimiydi, onların ağzı nəydi, birinə bir söz desin. Atamın Stalinlə, Nəriman Nərimanovla da əlaqəsi olub.

- Maraqli taledir, heç inanmaq olmur ki, cinayətkar haqqında danışırıq...

- Özü də, cavanlığında çox səliqəylə geyinərmiş. Heç kəs inanmazmış ki, bu adan cinayətkardı. Anam bizi onunla qorxudurdu. Amma ,o, özü bizi vurmurdu. Anam ondan çox çəkinirdi. Atan dünyasını çoxdan dəyişsə də, biz anama harasa getmək lazım olduğunu deyəndə yenə atamın şəkilinə baxardı. Elə bil, atamdan icazə istəyirdi.

- Ona niyə “Qurd Cəbrayıl” deyirdilər?

- Çox vaxtı qurd kimi tək gəzirdi. Həm də çoxbilmişliyinə görə. Ermənilərsə ona “Çornı” deyirdilər. Oğru almində “Paxan” idi atam.

- Dünyasını necə dəyişdi?

- Çox rahat. Öz evində, 76 yaşında.

- Heç elədiklərinə peşman olurdu?

- Həə, deyirdi, təzədən dünyaya gəlsəydim, belə yaşamazdım. O, həm də rəhimli adam olub. Yadımdadı, saqqız, konfet alıb cibinə tökərdi, məhəlləyə çıxanda uşaqlara paylayardı. Rus, erməni, tatar dillərində də sərbəst danışırdı. Elə ona görə də, Rastovdan, Odessadan oğrular gələndə atamı onlarla danışmaq üçün “sxodka”lara aparırmışlar. Savadı yoxuydu, heç qol da çəkə bilmirdi. Amma kitabları sevirdi. Həbsxanada hər gün bir dustaq ona kitab oxuyurmuş. Evdə hələ də atamdanqalma çoxlu kitablar var.

Səfurə Çərkəzqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti