Təhsildə yeni era?

Təhsildə yeni era?
  25 Aprel 2013    Oxunub:1769
Cavidan

Bütün yuxuların gerçək olmaq ehtimalı var.
Misir Mərdanovun Təhsil Naziri vəzifəsindən kənarlaşdırılması kimi.
Bəlkə də ölkədə dilindən, dinindən, milliyətindən, siyasi maraqlarından asılı olmayaraq, hər kəsin eyni bir nöqtədə birləşib, birlikdə gördüyü və gerçək olması üçün sərasər dua etdiyi yeganə yuxu idi bu.
Mobil operatorlarımızdan biri demiş, “Bizi birləşdirən dəyər” idi Misir müəllim.
Və bu dəyər, ondan müəllimlərin əməkhaqqının azlığı barədə soruşan pedaqoqlara üzünü tutub, onları məktəblərdəki dərs saatlarından əlavə, evlərinə partalar düzərək, repetitorluq etməyi məsləhət görmüşdü.
Tək bircə elə bu repetitorluq azarının bizim məktəblilərimizə, müəllimlərimizə, gənclərimizə, ordumuza nə qədər mənəvi-psixoloji ziyanlar vurmaq hesabına bərqərar olmasından da danışacağıq – növbəti yazılarda.

Hələlik isə, dövrü mətbuatın və sosial şəbəkələrin gündəmində əsl bomba kimi partlayan xəbər var ortalıqda, dadını çıxaran kim, zəhərini udan kim, canına vəlvələ düşüb gecələr yuxusunu qarışdıran kim...
Bəli!
Təhsil nazirimiz dəyişdi.
Nəzir çıxaranlar da var, nəzir boyun olanlar da.
Birincilər, bezənlər kateqoriyasındandır, ikincilər əzənlər kateqoriyasından.

Bezənlər, təhsil sektorumuzdakı artıq adiləşib, Rafael və Coşğunun belə az qala hər konsertdə lağlağıyla yanaşdıqları “süpürgə və s. pulu” verənlərdir.
Əzənlər, “süpürgə və s. pulu” alanlar.
Birincilər, eks nazir Misir Mərdanov erasının bitməsi ilə tamamilə yeni, islahatlardan dirçələcək təhsil sektoru arsuzundadırlar, hətta ümidindədirlər.
İkincilərin arzusu – vəzifələrində qalmaq, ümidi – keçiriləcək islahatlarda adını və müvazinətini saxlamaqdır.

Amma mediaya sızan ilk xəbərlər də elə yeni nazir Mikayıl Cabbarovun köklü kadr islahatlarına başlaması barədədir.
HAŞİYƏ ÜÇÜN:
Bir dəfə kolleclərin birinin professoru, sosiologiyanı öyrənən tələbələrinə Baltimor xarabalıqlarında yaşayan 200 azyaşlı oğlan uşağının yaşayışına baxaraq, onların gələcək taleyi üçün proqnoz verməyi xahiş edir. Tələbələrin müşahidə qeydləri və gəldikləri nəticə demək olar ki, eyni idi: “Onun heç bir şansı yoxdur”
İyirmi beş il sonra sosiologiya fakültəsinin başqa bir professoru təsadüfən həmin araşdırmanın qeydlərinə rast gəlir və maraq xatirinə həmin araşdırmanın davamı olaraq, öz tələbələrinə gedib o uşaqların indiki taleyi ilə maraqlanmağı tapşırır.
200 nəfərdən 20-si ya xarabalıqdan, ya da həyatdan köçmüşdülər, qalan 186 adamdan isə 176 nəfəri orta sayılacaq səviyyədən də yuxarı qalxa bilərək, hüquqşünas, həkim və biznesmen kimi çalışırdılar.
Professor bu heyrətamiz və inanılmaz faktın səbəbini öyrənmək üçün şəxsən özü gedir həmin kasıblar və didərginlər məhəlləsinə.
176 adamın hər birindən yrı-ayrılıqda uğurunun səbəbini soruşur.
Hər biri eyni cavabı verir: “Bütün bunların hamısı müəlliməmizin sayəsində olub”
Professor, artıq ahıl yaşda olan müəlliməni də tapır, öz şagirdlərini şəhərin xaraba zirzəmilərindən çıxara bilməyinin və onlara həyatda uğur qazandırmasının düsturunu soruşur.
- Çox sadə, mən bu uşaqları sadəcə sevirdim, - xəfif təbəssümlə deyir o.

P.S. Evində məktəbli övladı olan hər kəs bu islahatlardan gözəl yeniliklər gözləyir təhsil sektorumuz üçün.
Övladlarımızı sevərək, cəmiyyətimizi dəyərləndirərək, ölkəmiz naminə!


Teqlər:  





Xəbər lenti