Azərbaycandan 3 ölkəyə pul qadağası - ÖZƏL

Azərbaycandan 3 ölkəyə pul qadağası - ÖZƏL
  02 Sentyabr 2014    Oxunub:17275
Azərbaycandan 3 ölkəyə bank vasitəsilə pul köçürmələri qadağan edilib. Bu ölkələr Ermənistan, İran və Əfqanistandır.

Ermənistana qoyulan bu qadağanın səbəbi məlum olsa da, İran və Əfqanistana transferlərin dayandırılması müəmmalıdır.

AzVision.az bu, qadağanın səbəbini araşdırmaq üçün bir neçə məşhur banka müraciət edib.

“Əmrahbank”, “Standart” Bank, “Bank Respublika”dan İrana pul köçürülməsinin mümkün olmadığını bildiriblər. Səbəb isə açıqlanmayıb.

“Unibank”dan saytımıza bildirilib ki, artıq bir müddətdir nə İrana, nə də Əfqanıstana pul köçürmələri aparılır: “Hazırda sistemimizdə bərpa işləri gedir. Ona görə də pul köçürmə mümkün deyil. Nə vaxt bərpa olunacağı ilə bağlı isə bilmirik”,-deyə bankdan bildirilib.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, İrana pul köçürməmək barədə Azərbaycan banklarına göstəriş verilib. Bu qadağa İrana qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır.

“İrana qarşı sanksiyalar tətbiq edilir. Çox güman ki Azərbaycan da çalışır ki, mümkün qədər bank vasitəsilə daha az transferlər həyata keçirilsin. İrana qarşı transferlərin azaldılması, bankların İrana pul köçürülməsinə maraqlı olmaması doğrudur. Prakiti olaraq, bizim apardığımız tədqiqatlar göstərir ki, banklara İranla əməliyyatların dayandırılması ilə bağlı xüsusi tövsiyyə verilib”.

V.Bayramov bildirib ki, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları isə əməkhaqlarını İran banklarından olan kartlar vasitəsilə alırlar.

Əfqanistana pul köçürmə ilə bağlı iqtisadçı qeyd edib ki, bu ölkəyə qarşı hər hansı bir sanksiya yoxdur: “ Transferlərin olmaması Əfqanistanın texniki imkanları və transferlərin təhlükəsizliyi ilə bağlıdır və Əfqanistanın pul köçürmə sistemi tam olaraq inkişaf etməyib. Amma konkret olaraq bu ölkəyə qarşı sanksiyalar olmadığı üçün Azərbaycan bankları pul köçürməsi ilə bağlı tövsiyyə almayıb.”

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti