At əti yemək ziyan və haramdırmı? - EKSPERT

At əti yemək ziyan və haramdırmı? - EKSPERT
  26 Aprel 2013    Oxunub:18975
“Bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər”
Bakıda restoranlara at əti satılması ilə bağlı daha bir fakt aşkarlanıb. Buna səbəb at ətinin mal və ya qoyun ətinə nisbətən daha ucuz başa gəlməsidir. Ölkəmizdə at ətinin satışına konkret olaraq qadağa olmasa da, hansısa restoranda at ətindən istifadə və ya hansısa mağazada at ətinin satışı düzgün hesab edilmir, narahatlıqla qarşılanır. Bu, insanlarda da neqativ hiss yaradır. Məsələn, biri mal əti yerinə at əti aldığını və ya yediyini öyrəndikdə özünü zəhərlənmiş və ya günaha batmış da hesab edə bilər. Bəs əslində at əti yemək insan orqanizminə hər hansı bir zərəri varmı və ya haramdırmı?

Tibbi ekspert Adil Qeybulla bildirir ki, sağlam at ətinin insana heç bir zərəri yoxdur: “At əti qida rasionunun bir hissəsini təşkil edir. Sadəcə onu nəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var. Yəni bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də, at əti yemək həzm prosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülaldı, proteindi, bu baxımdan geniş şəkildə istifadə olunur”.

“At ətinin xüsusi bir faydası varmı?” sualına isə Adil Qeybulla belə cavab verdi: “Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər. Çöl heyvanları ilə ev heyvanları nın ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

İlahiyyatçı Eşad Miri İslam dininin at ətini haram buyurmadığını qeyd edir: “At ətinin yeyilməsində İslam üçün heç bir problem yoxdur. Konkret olaraq heç bir qadağa yoxdur. At, dəvə əti yeyilən ətlərdir. Sadacə Avropada və digər yerlərdə at ətinin qadağan olunmasına səbəb onun mal əti adı ilə satılmasıdır. Problem bundadır, yoxsa İslam bunu qadağan etmir. Bəzən alimlər deyirlər ki, at əti məkruhdur, yəni yeməmək daha məqsəduyğundur. Ancaq haram deyil”.

Yəni İslam dininə görə, at əti yemək bəyənilməyən, xoş görülməyən bir işdir. Ancaq çoxlarının hesab etdiyi kimi, at əti yeməklə günah qazanılmır. Onu da qeyd edək ki, Quran Kərimin Nəhl suarəsinin 8-ci ayəsində at, qatır və ulaq kimi heyvanların məhz minik üçün yaradıldığı qeyd olunur. “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır”.

Buna görə də, bəzi İslam alimləri qeyd edir ki, at ətinin yeyilməsinin bəyənilməməsinin bir səbəbi atların insanların əsas minik vasitəsi olması, xüsusən də uzaq səfərlər, döyüşlərdə əvəzsiz nəqliyyat vasitəsi olması ilə əlaqədar olub. Bundan başqa, at, qatır və ulaq kimi heyvanlar tək dırnaqlılar fəsiləsindəndir və eyni zamanda, inək, camış, qoyun kimi ot yeyən heyvanlardan fərqli olaraq onlar gövşəmirlər. İslam dini hökmlərinə görə, caynaqlı, ət yeyən heyvanların əti haramdır.


Sevinc Fədai


Teqlər:  





Xəbər lenti