“Əli Kərimli zəng edib, ağzına gələni deyirdi” – Müsahibə

“Əli Kərimli zəng edib, ağzına gələni deyirdi” – Müsahibə
  09 Sentyabr 2014    Oxunub:6317
“Mənə 1500 manat maaş, ev, maşın təklif edirdilər, qəbul etmədim”

“Bu gün Azərbaycan müxalifətini siyasi meyitə salan Əli Kərimovdur”
Klassik Xalq Cəbhəsi Partiyasından istefa verən məşhur bayraqdar Elman Türkoğlu müxalifət düşərgəsində baş verən prosesləri, ona qarşı təzyiq göstərən müxalifət lideri və partiyadan istefası barədə AzVision.az-ın suallarını cavablandırıb:

- KXCP-dən niyə istefa verdiniz? İstefa verməyinizə səbəb nə oldu?

- Bunun səbəbi odur ki, mən müxalifət daxilində olan bəzi şəxslərə cavab verəndə Mirmahmud ağama zəng edirlər ki, Elman Türkoğlu filan şey etdi. Nəticədə bizim partiyaya hücum olurdu və mən də cavab verib onları susdururdum. Onun başında duranlara cavab verəndə ağama zəng edirdilər.

- Yəni, sizin tənqidlərinizə cavab olaraq partiya hədəfə çevrilirdi.

- Bəli, Mirmahmud ağamı narahat etməsinlər deyə mən də dünən partiyaya gəlib istefa verdim. Mən yenə də bayraqdar kimi qalıram. Bayrağımı əlimdən ala bilməzlər. Hara getsəm partiya ürəyimdədir. Əgər bu partiyaya mənim fikirlərimə görə, hər hansı ittiham irəli sürüləcəskə, mən tənqidlər səsləndirəndə partiyanı təhqir edəcəklərsə, ağamı narahat edəcəklərsə, mən getməliyəm və hamısına müstəqil cavab verməliyəm.

- Sizin fikirlərinizə görə, partiyanızı təhqir edənlər konkret kimlərdir?

- Məsələn, Əli Kərimovun dəstəsinə biz cavab verən kimi onlar bizi təhqir edirlər, MTN-nin agenti hesab edirlər. Mən Əli Kərimovu tənqid edəndə isə ağama zəng edirdilər. Mən də ağama tənə gəlməsin deyə məcburiyyət qarşısında qalıb istefa verdim ki, müstəqil fikir yürüdüm.

- Bəs, Mirmahmud bəy istefanızı necə qarşıladı?

- Partiyadan buraxmırdılar. İstefamı qəbul etmək istəmirdilər. İki-üç saat danışıq oldu, məcburiyyət qarşısında qalıb qəbul elədilər. Dedim ki, mən getməliyəm və müstəqil hərəkət etməliyəm. O adamlar ki, mənə görə partiyaya zəng edirdilər, daha zəng edə bilməsinlər deyə istefa verməliyəm. Amma mən dedim ki getməliyəm. Təkcə Əli Kərimov deyil, elə başqa partiyalar da bizim haqqımızda ağzına gələni yazırlar. Gündüz müxalifət gecə iqtidar olurdular. Partiyaya qarşı hücuma keçirdilər. Zəng edirdlər ki, qoymayın Elman Türkoğlu bizi dağıtdı. Mən də sədrə tabe olmalıyam axı, düzdür? Ona görə məcbur qaldım ki, istefa verim. Mənə görə partiyaya tənə gəlməyini istəmirəm.

- Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz?

- Partiyalardan təkliflər var. Bəziləri deyir gəl 500 manat maaş verəcəyəm.

- Hansı partiyalardan sizə təklif gəlib?

- Bunu açıqlamaq istəmirəm. 1500 manat maaş, ev, maşın verməyi təklif edənlər də olub, amma dedim ki, yox. Mən bir partiyada fəaliyyət göstərmişəm. İstefa versəm də canım, ürəyim oradadır. Fəaliyyətimi müstəqil davam etdirəcəyəm və 6-7 ayda həmin adamları diz çökdürəcəyəm. Bu gün Azərbaycan müxalifətini siyasi meyitə çevirən Əli Kərimovdur. Əgər onlara qarşı tənqidlərimə görə mən partiyanın üzvü olmadığım halda KXCP-yə qarşı hücumları davam etsə, yenə cavab verəcəyəm. Ürəyim partiya ilə birgə döyünür. Allah şeytana lənət etsin, belə alındı. Bir daha qeyd edirəm, heç bir partiyaya getməyəcəyəm. Lap milyardlar da versələr getməyəcəyəm.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti