Ramiz Mehdiyevin kitabının təqdimatı oldu

Ramiz Mehdiyevin kitabının təqdimatı oldu
  10 Sentyabr 2014    Oxunub:1637
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi və təqdimatı keçirilib.
İnstitutun direktoru Yaqub Mahmudov bildirib ki, Ramiz Mehdiyevin Moskvada çap olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Müəllif çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.

Y.Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyev adıçəkilən monoqrafiyasında Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırıb ortalığa çıxarmağı qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas "dəlili" onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi" olması barədəki saxta erməni uydurmalarını alt-üst edir: "Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətiriliblər".
Alim bildirib ki, müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etməklə kifayətlənmir, tarixin daha dərin qatlarına enir, "tarixin atası" Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır: "Və öz kitabının oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdiyi "mədəniyyət", hətta "erməni" adının özü belə onların özlərinə - haylara aid deyil, oğurluqdur".(trend)


Teqlər:





Xəbər lenti