Ölmüş birini sevmək

Ölmüş birini sevmək
  11 Sentyabr 2014    Oxunub:6969
Fatimə Kərimli

Dünyanın ən asan işi ölü adamı sevməkdir. İstər o seçdiyin ölü ilə sevgili ol, istərsən də dost, istənilən halda daha azad və daha rahatsan. Nə istəyirsən danış, hər sirrini, hər dərdini, hər ağrını, hər sevincini, hər gicliyini deyə bilərsən. Heç vaxt, heç bir halda o səni səhv başa düşməz, sənə barmaqarası yanaşmaz, səni aldatmaz, incitməz, ağır söz deməz, danışdığın heç nəyə hörmətsizlik etməz.


Nə vaxt istəsən yanındadır. Maksimum bir şəkil, bir hekayə, bir mahnı qədər uzaq ola bilər. Boş təsəlli eşitmədən ürəyin istəyən qədər danış, ağla, dərdləş. Səsini belə çıxarmadan, ağzını açıb bir kəlmə söz demədən, hər şeyini bölüşmək cəmi bir neçə saniyə vaxtını ala bilər. O da üz-gözünü turşutmadan, heç bir halda səni yola vermədən “dinləyər”.

Hər şey bir yana ölünün həm fərqi, həm də üstünlüyü odur ki, onda nə qadın, nə də kişi xisləti var. Tərtəmiz insandır. Nə kişiliklə, nə də qadınlıqla çirklənməmiş, qaralmamış insan. Nə varsa odur.

Gözündən düşmək ehtimalı sıfıra bərabədir. Artıq ömrü bitdiyinə görə bundan sonra dəyişməyi, başqa insana çevrilməyi, iyrəncliklər edib gözündə kiçilməyi, ondan da özündən də iyrənməyinə səbəb olacağı ehtimalı yoxdur. Sən necə tanıyırsansa, sən onun xətrini necə sevirsənsə, həmişə də elə qalır. Nə irəli gedir, nə də geri. Dəyişmir. Deməli ən böyük qorxu – itirmə qorxusundan azadsan. Bundan gözəl rahatlıq, bundan gözəl azadlıq yoxdur!

Amma… amma bir tərəfi var ki, səs gəlmir, ya da səni başa düşdüyünü hiss etdiyin bir cüt göz görə bilmirsən. Darıxsan belə dalaşıb deyə bilmirsən ki, ay eşşək, səninçün burnumun ucu göynəyir. Heç nəyi müzakirə edib əsəbləşə, ya da zarafatlaşıb gülə bilmirsən. Ona nə danışırsansa danış yenə sonda hər şeyi özün həll etməli, özün qərar verməli olursan.

Zəng edib telefonda zarıya-zarıya ağlamaq imkanından məhrumsan. Hə şeyini bilən, amma heç bir dərdinə çarə ola bilməyən bir dostdu – ölü. Çünki o, yoxdur. Çünki onun bu qədər çox var ola bilməyinin səbəbi elə yoxluğudu. Sağ olsa belə çox var olmazdı.


Teqlər:





Xəbər lenti