2015-ci ilin büdcə layihəsi müzakirə olundu
S.Şərifov vurğulayıb ki, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərə nail olunması üçün maliyyə təminatı yaradacaq. O cümlədən iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələr sırasına daxildir.
Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır. Bununla yanaşı, büdcənin parametrləri barədə əhalini maarifləndirmək məqsədilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunlar ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük maraqla qarşılanır.
Kollegiya iclasında qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanaraq vaxtından əvvəl Nazirlər Kabinetinə təqdim edilib. Növbəti həftə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.
Teqlər: