“Əsrin müqaviləsi”ndən 20 il ötdü

“Əsrin müqaviləsi”ndən 20 il ötdü
  20 Sentyabr 2014    Oxunub:1761
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il keçir.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalanıb. Parlamentdə ratifikasiya olunaraq qanun statusu alan saziş çərçivəsində işlərə 1995-ci ildə start verilib. 20 sentyabr Azərbaycanda “Neftçilər günü” elan edilib.

20 il bundan əvvəl dünyanın 8 ölkəsinin 13 neft şirkətiylə Azərbaycan hökuməti arasında “Azəri-Çıraq” və “Günəşli”nin dərinsulu hissəsinin işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb. Bu müqavilə xarici şirkətlərin Azərbaycanla yeni sazişlər imzalaması üçün geniş yol açdı. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk kəməri yenidən quruldu, Bakı-Supsa boru kəməri inşa olundu. Daha sonra Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi.

Neft sektorunun inkişafı, Dövlət Neft Şirkətinin potensialının artması Azərbaycanın öz yataqlarında daxili imkanlar hesabına axtarış qazma işləri aparmağa imkan verib. Bu işlər nəticəsində təkcə son illərdə Xəzərin Azərbaycan sektorunda iki böyük qaz-kondensat yatağı kəşf olunub. “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 30-40 mln. ton kondensat ehtiyatı, yeni aşkar edilmiş “Abşeron”un karbohidrogen ehtiyatları isə 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir. Qarşıdakı illərdə “Naxçıvan”, “Babək”, “Şəfəq-Asiman” layihələri üzrə ciddi nəticələrin əldə olunacağı proqnozlaşdırılır. 1994-cü ildən bu vaxta qədər Azərbaycan neft qaz yataqlarının istismarına dair xarici şirkətlərlə 32 saziş imzalanıb. Proqnozlara görə, həmin sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşunun həcmi 60 milyard dollara çatacaq. Ümumilikdə, Azərbaycanda indi 60-dan çox yataq istismar edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti