Sənaye parkının planı hazırdır

Sənaye parkının planı hazırdır
  29 Aprel 2013    Oxunub:7555
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunan müşavirə keçirilib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev hazırda ölkədə sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin Azərbaycan Respublikası prezidentinin iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

O həmçinin, sənaye parklarının qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcəyini, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalı, iqtisadiyyatın modernləşməsi və innovativ iqtisadiyyatın formalaşması, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcəyini bildirib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru vəzifəsini icra edən Mehman Ağayev sənaye parkının yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Sənaye Parkının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə məsləhətçi şirkət cəlb edilib, “Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn normativ-hüquqi aktların və sənədlərin layihələri hazırlanıb.

Sumqayıt Kimya Sənaye Parkının Baş Planı tərtib olunub, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınaraq rezidentin uçot qeydiyyat sistemi yaradılıb. Sənaye Parkına ayrılan 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanıb.

Artıq Sənaye Parkının ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir, ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.


Teqlər:





Xəbər lenti