TQDK ərizələrin sayını açıqladı

  30 Aprel 2013    Oxunub : 634
TQDK ərizələrin sayını açıqladı
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 30 aprel saat 10:00-a qədər Azərbaycan bölməsi üzrə 39098, rus bölməsi üzrə 5534, cəmi isə 44632 abituriyent öz ərizələrini təsdiqləyiblər.

Bildirək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və təsdiq etməlidirlər.

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini mayın 17-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər:

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər;

Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər;

2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Qeyd: Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bütün abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə mayın 17-dək müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

Teqlər: