O bildirib ki, bu gün üçün vacib olan müəyyən xidmətlərin bir mərkəzdə göstərilməsi insanların işini həqiqətən adına uyğun olaraq asanlaşdırır: “Bu günə kimi mərkəz barədə çox eşitmişdim və bəlkə də bəzi deyilənlərə inanmırdım. Amma hər şeyi özüm gördükdən sonra bütün xidmətlərin yüksək səviyyədə təşkil olunmasının şahidi oldum. Qurumda çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması isə xüsusilə sevindirici haldır. Bundan sonra mən də hər yerdə gördüklərimə əsasən “ASAN xidmət” mərkəzinin fəaliyyətini və göstərdiyi xidmətləri hər yerdə təbliğ edəcəyəm”.
Qonağı qarşılayan Dövlət Agentliyin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. İnam Kərimov bildirib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Yaradılmış şəraiti yüksək qiymətləndirən görkəmli yazıçı Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldığını söyləyib.