Lukaşenko İlham Əliyevə salam göndərdi

Lukaşenko İlham Əliyevə salam göndərdi
  06 Oktyabr 2014    Oxunub:2011
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına səfəri çərçivəsində oktyabrın 6-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Belarus Prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. O əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri var.

Görüşdə gələn il hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilib, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.


Teqlər:  





Xəbər lenti