Məmmədyarov belarus həmkarı ilə görüşdü

Məmmədyarov belarus həmkarı ilə görüşdü
  07 Oktyabr 2014    Oxunub:1677
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 6 oktyabr 2014-cü il tarixində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd-təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey tərəfindən birgə mətbuat konfransı keçirilib.


Teqlər:  





Xəbər lenti