Fransa-Azərbaycan dostluğuna erməni təxribatı

Fransa-Azərbaycan dostluğuna erməni təxribatı
  08 Oktyabr 2014    Oxunub:3510
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin beşdə birini işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalayıb. Söhbət Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhərinin dostluğu haqqında bəyannamədən gedir.

Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən bəyannaməyə ermənilərin Şuşi adı qoyduğu Şuşanın “meri” Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq-Le-Valans meri Маrlen Мuryе oktyabrın 5-də qol çəkiblər.

Sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim “Dağlıq Qarabağ Respublikası (Arsax Respublikası)” kimi qeyd edilir və ona dəstək ifadə olunur. Bəyannamə iki şəhərin təhsil, mədəniyyət, idman, ticarət və yerli idarəetmə sahələrində əməkdaşlığını nəzərdə tutur.

Burq Le Valans şəhərinin əhalisi 19 min nəfərdir. Erməni mənbələrinin verdiyi məlumata görə, onun 3 min nəfərini erməni əsilli fransız vətəndaşları təşkil edir. Şəhərin hazırkı meri xanım Marlen Müriyenin ümumi işlər üzrə müşaviri erməni əsilli Mirey Ezikiandır. Müavinlərin biri olan Jan-Benua Kelaqopyan (Jean-Benoît Kelagopian) da milliyyətcə ermənidir.

Marlen Müriyenin seçicilərinin əksəriyyətinin erməni olması şübhə doğurmur. Kiçik bir əyalət şəhərində mer seçkilərində M.Müriyenin qələbəsi Fransada fəaliyyət göstərən erməni mətbuatı tərəfindən xüsusilə işıqlandırılmışdı.

Burq Le Valans şəhəri hələ 2005-ci ildə Ermənistanın 5700 nəfər əhalisi olan Talin şəhəri ilə qardaşlaşmışdı.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev hadisəni şərh edərkən bildirib ki, Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli qanunun pozulmasıdır: “Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır".

“Fransanın Burq Le Valans şəhərinin meri Marlen Müriye Fransa-Azərbaycan əlaqələrinin inkişafı əleyhinə təxribat cəhdlərilə məşğuldur. Birincisi, o, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər həyata keçirib. İkincisi isə, o, Şuşa adından separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsi Artsvik Sarkisyanla “dostluq haqqında bəyanat ”imzalayıb”. Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bəyan edib. Bayram Səfərovun sözlərinə görə, təsadüfi deyil ki, Marlen Müriye bütün bunları Fransa prezidenti cənab Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Parisdə gözlənilən görüşü ərəfəsində edib.

İcma rəhbəri deyib ki, əgər Burq Le Valans şəhərinin meri həqiqətən Şuşa ilə Burq Le Valans şəhərinin qardaşlaşmasını istəyibsə, bunun üçün Azərbaycan Respublikasının Şuşa Rayon İcra Hakimiyyətinə müraciət etməli idi, çünki Şuşa elə Fransa dövlətinin də tanıdığı Azərbaycan ərazisidir. Bayram Səfərov məsələ ilə bağlı ciddi araşdırma apardıqları da bildirib: “Biz araşdırdıq, Burq Le Valans Fransada cəmi 19 min nəfər əhalisi olan kiçik bir bölgədir. Müqayisə üçün deyim ki, Şuşanın 30 mindən çox əhalisi var. Burq Le Valans-da erməni əsilli fransız vətəndaşlar çoxluq təşkil edir, Marlen Müriye də onların ianələri hesabına mer olub və indi də borcunu qaytarmaq üçün erməni lobbiçiliyi ilə məşğuldur. Onun ümumi işlər üzrə müşaviri erməni əsilli Mirey Ezikiandır”.

Bayram Səfərov bəyan edib ki, Marlen Müriye-nin şəxsi mənafeyi naminə təxribat xarakterli addımları dərin təəssüf hissi doğurur və bu, öz ölkəsinin münaqişənin həllində vasitəçilik missiyasına qarşı fəaliyyətdir: “Biz Fransa prezidenti cənab Fransua Ollandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü alqışlayıq və Paris görüşünə böyük ümidlərlə baxırıq. Marlen Müriye kimi şəxslərin özfəaliyyəti isə yüksələn xətlə inkişaf edən Azərbaycan-Fransa dostluq əlaqələrini sarsıda bilməz. Biz Fransa hökumətindən və ictimaiyyətindən bu məsələyə sərt reaksiya veriləcəyini gözləyirik”.


Teqlər:  





Xəbər lenti