Zəhmətkeşlərin Günü - 1 may

Zəhmətkeşlərin Günü - 1 may
  01 May 2013    Oxunub:5090
30 yaşdan yuxarı vətəndaşlarımız – keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq gedirdi.
1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.

Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.

XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar. Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi. Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi".

1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. 1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi "8 saatlıq iş günü"nü zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər.

1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında yürüş keçirdi.

Bu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi. Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız – keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq gedirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Lakin SSRİ-nin dağılmasından sonra "qurunun oduna yaşı da yandırdılar" və bütün yaxşı ənənələr kimi 1 May bayramını da ləğv etdilər. Amma Rusiyada və bəzi digər respublikalarda 1 may hər il keçirilir – qarşıdurmaların yaranması ilə olsa belə.

Azərbaycanda 1 May bayramının tarixi

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.


Teqlər:  





Xəbər lenti