Məşhur aparıcını canlı yayımda güllələdilər
Milli.Az El Mundo-ya istinadən bildirir ki, faciə Sinaloa ştatındakı Masatlan şəhərində yaşanıb.
İki cinayətkar "Fiesta Mexicana" radiostansiyasının binasına soxularaq "Tirado haradadır?!" qışqırıblar. "Birinci mərtəbədəki inzibatçı onlardan gözləmələrini istəsə də, cinayətkarlar onu kənara itələyiblər", - radiostansiyanın direktoru Serhio Ontiveros deyib.
Bundan sonra cinayətkarlardan biri aşağıda qalıb, digəri isə yuxarı mərtəbəyə, studiyaya qalxıb. Studiyaya daxil olan cani Tiradoya iki dəfə atəş açıb. Canlı yayımda proqram aparan Tirado başından və sinəsindən güllə yaraları alıb.
Təcili yardımla xəstəxanaya aparılan məşhur radioaparıcı reanimasiya bölməsində keçinib.
Ştatın hakimiyyət dairələrinin dediklərinə görə, ölkə tarixində ilk dəfə canlı yayımda qətl olub. Prokuror Marko Antonio İqeranın dediyinə görə, videomüşahidə kameralarının çəkilişləri əsasında cinayətkarları müəyyənləşdirməyə çalışırlar.
Tirado 800 fermerdən ibarət ictimai hərəkata başçılıq edirdi. Hərəkat üzvləri su bəndinin inşası zamanı su altında qalmış torpaqlarına görə təzminat istəyirlər.
Teqlər: