İqtidarın yanında gizlənənlər

İqtidarın yanında gizlənənlər
  13 Oktyabr 2014    Oxunub:9774
Bizdə dövlətin siyasətini dəstəkləyən insanlara “iqtidaryönlü” deyirlər, amma məncə, Türkiyə manerasında iqtidarYANLI demək daha doğru olardı. O mənada ki, bir çoxları sözdə iqtidarın yanında olduqlarını desələr də, əslində iqtidarın başqa mənada yanındadırlar və lazım olanda heç başlarını da çıxarmırlar.

Əgər radikal müxalifəti tutaq ki, bir torta, Xədicəni də onun üstündəki yumru gilasa bənzətsək və realda mövcud olan iqtidaryönlülərin hərəsi ona (yəni torta) çox yox, cəmisi bircə barmaq eləsə, yerdə heç nə qalmaz. Bir qrup ki, açıq-aşkar xaricdən aldığı təlimatla işləyir, ermənilərə casusluqda ittiham olunan adamın portretini başının üzərinə qaldırır, onu bitirməyə nə var ki?!

Ölkədəki radikal qruplaşma özünün Amerikadan maliyyələşən “Azadlıq” radiosu, 1-2 partiyası, 10-15 QHT-si ilə əslində kart evcik kimi bir şeydir, üfürmək bəsdir ki, hər tikəsi bir tərəfə uçuşsun. Amma məsələ ondadır ki, üfürməli olanlar başlarını olduqları yerdən - yəni iqtidarın yanından çıxarmırlar...

Sosial şəbəkələrə baxanda hərdən adama elə gəlir ki, Azərbaycan radikal kütlənin aşıb-daşdığı, az qala inqilab ərəfəsində olan bir ölkədir. Meydanda olan cəmi bir ovuc radikal dəstə xaricdəki dirijorların çubuğu ilə tvitterdə, facebookda meydan sulayır, ölkəyə qara yaxır, aşağılayır; hakimiyyəti və onu sevən insanları təhqir edir... Bəs hanı, kim verir onların cavabını, qarşılarında kim var?

Mənim heç vaxt hakim partiya ilə hansısa əlaqəm olmayıb. Amma özüm və tanıdığım daha bir neçə insan bəzi məqamlarda sırf dövlətin təəssübünü çəkərək, radikalların cavablarını verməyə çalışmışıq. Məşhur sovet filmində deyildiyi kimi, “За державу обидно!”
Nəticə nə olub? Üstümüzə hücum çəkib, yerbəyerdən söyüb təhqir ediblər və biz meydanda təm-təkcə qalmışıq. Bəzi dostları çıxmaqla, bircə nəfər olsun, “iqtidaryönlü” ortaya atılaraq, bizim müdafiəmiz üçün bircə kəlmə söz deməyib, yazmayıb. Halbuki, biz haqlı tərəfik və bizi müdafiə etmək daha asandır...

Haradasınız, cənab iqtidaryanlılar? Zəhmət çəkin, arada başınızı olduğunuz yerdən – yəni iqtidarın yanından çıxarın və sözdə tərəfini tutduğunuz dövləti, onun uğrunda meydana atılıb, zərbə alan insanları müdafiə edin! Nədir, hünəriniz çatmır? Yoxsa istəmirsiniz ki, internetdə haqqınızda güldən ağır söz deyilsin? Bəs biz nə edək onda? İllərdir təhqir olunmayan tərəfimiz, söyülməyən yerimiz qalmayıb, amma yenə də ortadayıq, zərbələri almaqda davam edirik...

Siz “bomba oğlan” olmaq, hamıyla yaxşı keçinmək, heç kimlə aranı pozmamaq istəyirsiniz... Qorxursunuz ki, kimsə sizə “yaltaq” deyəcək, “girməkdə” ittiham edəcək... Facebook-da qanınızı qaraldan şeylər yazacaqlar və bütün bunlar sizin ali kefinizi poza bilər... O cür deyil! Ancaq ən qədim peşənin mənsubları hamının xoşuna gəlmək üçün çalışırlar. Çünki çörəkləri bundan çıxır. Ləyaqətli insan isə öz olduğu mövqeyə görə lazım gələrsə, hətta düşmən qazanmaqdan belə, qorxmamalıdır!

Haradasınız, ayrı vaxt hakimiyyətə sadiqlikdən dəm vuranlar, QHT yaradıb, dövlətdən qrant alanlar... Adlarını hələ ki çəkmək istəmədiyim hakimiyyətyönümlü hərəkatlar, gənclər birlikləri... Lazım olanda hakimiyyətin adından bal kimi istifadə edənlər... Dövlət işində çalışan yaxınlarının hesabına xoş gündə olanlar... Birbaşa və ya dolayısıyla bu dövlətin sayəsində rahat həyat yaşayanlar... Harada küllənirsiniz?!

Siz aradabir dövlət başçısının və ailə üzvlərinin fotolarını paylaşıb, prezidentin nəvələrinin şəklinə “Ayallaaaa... Allah saxlasın” kimi kommentlər yazmaqla işinizi bitmiş sayırsınız. O biri tərəfdə isə xədicələr, mehmanlar, digərləri aldıqları qrantların hər sentinin də əvəzini xaricdəki ağalarına ödəyirlər. Bilirsiniz, nə ilə - dövlətə xəyanətlə, satqınlıqla, ölkənin maraqlarını axsam bazarına çıxarmaqla... Zəhmət çəkin, siz də xidmətinizi göstərin! Mübarək fizionomiyanızı bu xəyanət maşınının qabağına verin, ya da heç olmasa onun qabağını kəsənlərə dəstək olun!

Bizi xaricdən maliyyələşən satqınlar ordusu vurur. Bizi onların daxildəki həmrəyləri daşa basır... O adamlar ki, “filan məmur haram pul qazanır” deyir, sonra həmin məmurunun qazandığı haram pullardan halal maaş alır və dövlətin tərəfində duranlara diş qıcadır. Qəribədir: Azərbaycanda iqtidar tərəfdə duran saytlarda çalışan adamlar var ki, xaricdən maliyyə alanlar radikallıqda onların əlinə su tökməyə yaramaz. Kimsə soruşmur ki, bu, nə deməkdir, belə? Amma daha biz soruşacağıq!

Biz daxildən, yoxsa xaricdən maliyyələşməsindən asılı olmayaraq, xəyanət maşınının qabağında durmaqda qərarlıyıq. Amma sizin üçün də susmaq dövrü qurtardı. Zəhmət çəkin, səsinizi çıxarın, bilək ki, hansı kolun dalındasınız! Sizi qoruyan, bəsləyən, adının altında gizləndiyiniz dövlətə borcunuzu qaytarın. Hakimiyyətin yanından çıxaraq, yanında durmaq vaxtıdır.


Teqlər:  





Xəbər lenti