`Neft Rusiyaya görə ucuzlaşır` - Vahid Əhmədov
Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycanın 2015-ci ildə dövlət büdcəsində neftin qiyməti 90 dollar göstərilib.
“Bu məsələni Milli Məclisin plenar və komitə iclasında müzakirə edəcəyik. Belə hesab edirəm ki, bu 2015-ci il üçün riskli rəqəmdi. Neftin qiymətinin aşağı düşməsi isə birbaşa Rusiyaya qarşı olan sanksiyalarla əlaqədardı. Bu proses davam edir. ABŞ və Avropa öz neft istehsalını artırır. Səudiyyə Ərəbistanı istehsalı artırıb ki, neftin qiyməti aşağı düşsün. İrana qarşı olan embarqo aradan qaldırılıb, neftin ixracına icazə verilir”.
Millət vəkili qeyd edib ki, neftin qiymətinin 90 dollar götürülməsi Azərbaycan iqtisadiyyatına və dövlət büdcəsinə müəyyən qədər təsir göstərəcək:
“Ona görə də 2015-ci ilin dövlət büdcəsində hökumət Dövlət Neft Fondundan transferi 1 milyard manat artırıb. Bu rəqəm 2014-ci ildə 9.3 milyard manat idisə, 2015-ci ildə 10.3 milyard manat olacaq. Nəzərə tutulan bütün layihələr həyata keçiriləcək. Ümumilikdə 2015-ci ildə ciddi problem olmalı deyil. Çünki Azərbaycanın 53 milyardlıq ehtiyatı var. İstənilən vaxt o ehtiyatdan dövlət büdcəsində istifadə oluna bilər”.
Anar Kəlbiyev