İsraildə `Azərbaycan Evi` yaradılır

İsraildə `Azərbaycan Evi` yaradılır
  20 Oktyabr 2014    Oxunub:3364
İsraildə bir həftə qeyd olunan Sukkot bayramı çərçivəsində ölkənin şimalındakı Akko şəhərinin meri Şimon Lankri Akko şəhərinin Azərbaycandan olan dağ yəhudiləri icmasının sədri və “Tikvateynu – Bizim ümidimiz” qeyri-hökumət təşkilatının rəhbəri Nexemiya Şirin Mixaelinin rəhbərliyi ilə bu icmanın nümayəndələrini qəbul edib.

Mer ilə görüşdə beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, “Tikvateynu” idman klubunun direktoru, İsrailin boks üzrə Məşqçilər Şurasının sədri Valeri İlyayev, İsrail Boks Federasiyasının fəxri prezidenti Nissim Menahem, habelə şəhərin digər fəalları iştirak ediblər. Qeyd edək ki, İsrailin ən qədim şəhərlərindən biri olan Akkoda hazırda 10 minədək Azərbaycandan olan yəhudi yaşayır.

Görüşdə İsrail Dövlətində Azərbaycandan olan yəhudilərin ən çoxsaylı icmalarından birinin Akko şəhərində yaşaması faktına görə qürur hissi keçirdiyini bildirən Akko şəhərinin meri Şimon Lankri deyib: “Azərbaycan adlı ölkəni mənim üçün məhz Azərbaycandan gələnlər və dostum Nexemiya Şirin Mixaeli kəşf edib. Onlar həmişə qürur hissi ilə bildirirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər orada heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər. Yəhudilərə səmimi və mehriban münasibəti əks etdirən bu tarixi fakt məni ruhlandırır. Onlar fəxrlə bildirirlər ki, Azərbaycan həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük üçün misli görünməmiş səylər göstərir. Mən Qırmızı Qəsəbə haqqında çox eşitmişəm və bilirəm ki, bu qəsəbə İsraildən sonra dünyada yəhudilərin ən sıx yaşadığı yeganə və unikal bir yerdir. Bu qəsəbə Azərbaycan yəhudilərinin əsl qürur mənbəyidir”.

Azərbaycan ilə Ermənistan arasında qanlı ərazi münaqişəsi barədə çox eşitdiyini bildirən Şimon Lankri deyib: ” Ötən ilin dekabrında Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojaly” kampaniyası çərçivəsində Azərbaycanın Xocalı şəhərində qanlı qırğına həsr olunmuş səyyar sənədli fotosərgi çox yüksək səviyyədə keçirilib. Bu fotosərgi məni çox sarsıtdı. Biz bu qətliamın necə baş verdiyini xatırlayırıq. Vəhşiliyin, barbarlığın təzahürü olan Xocalı qırğınını unutmağa haqqımız yoxdur. Ümidvaram ki, Azərbaycanın işğal altında olan torpaqları tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda biləcəklər”.

Azərbaycandan olan yəhudilər icmasının şəhərin mədəni və ictimai həyatında səmərəli rolundan söz açan Şimon Lankri onu da əlavə edib ki, icma üçün çoxsaylı layihə və proqramlar həyata keçirmək imkanlarını genişləndirmək məqsədi ilə şəhərdə dağ yəhudilərinin Mədəniyyət və İrs Evi üçün yeni bina inşa olunur. Mer vurğulayıb: “Əminəm ki, Akkonun Azərbaycan icmasının rəhbəri Nexemiya Şirin Mixaeli ilə birlikdə, habelə “STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryevin dəstəyi ilə çoxfunksiyalı “Tikvateynu – Bizim ümidimiz” Mədəniyyət və İrs Evinin tikintisi haqqında qərarım düzgün və tarixi qərardır. Zənnimcə, bu binanın ikinci mərtəbəsində Heydər Əliyev adına Azərbaycan Evi yaratmaq təbii və məntiqi olardı, çünki İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın qurulmasında və möhkəmlənməsində Azərbaycanın ümummilli lideri həlledici rol oynayıb. Mən Akkonun meri və bələdiyyə rəhbəri kimi, Heydər Əliyev adına Azərbaycan Evinin qədim və multikultural Akkonun ayrılmaz və müasir rəmzinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm”.

Şimon Lankrinin fikrincə, Heydər Əliyev adına Azərbaycan Evi Azərbaycanın Milli Lideri Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin fundamental şəkildə öyrənilməsinə, habelə Azərbaycan dili və tarixinin, mədəni, milli və mənəvi dəyərlərinin hərtərəfli təbliğinə xidmət etməlidir.

Ş.Lankri deyib: “Hazırda biz bu kompleksin yaradılması üçün vəsait axtarırıq. Mən inanıram ki, biz dostlarımızla birlikdə böyük siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bu kompleksi yaradacağıq. Vurğulamaq istəyirəm ki, bu nəcib və əhəmiyyətli işdə layihənin həyata keçməsinə nə vaxtını, nə də gücünü əsirgəməyən insanlar iştirak edir. Zənnimcə, Heydər Əliyev adına Azərbaycan Evi Azərbaycandan olan yəhudilərin icması üçün həqiqi və real əlaqələndirmə mərkəzi olacaq”.


Teqlər:





Xəbər lenti